Sosial təsir və konformizm — insanların qrup fikrinə uyğun davranması

Tarix: 22:36 28.04.2025
Bəzən insanlar öz şəxsi fikirlərini bir kənara qoyaraq ətrafdakıların fikrinə uyğunlaşır. Bu, xüsusilə qrup içində təzyiq, qorxu və qəbul olunmaq istəyi səbəbindən baş verir. Məşhur "Asch Təcrübəsi" də bunu sübut edir.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, insanlar daha çox özgüvənlərinin zəif olduğu hallarda, sosial təzyiqin güclü hiss edildiyi vəziyyətlərdə və qəbul edilməmək qorxusu yaşadıqları zaman öz şəxsi fikirlərindən imtina edərək qrupun fikrinə uyğun davranmağa meylli olurlar:
"Sosial uyğunlaşma ehtiyacı, tənqid olunmaqdan və kənarlaşdırılmaqdan qorxmaq kimi faktorlar fərdin öz fikrini ifadə etməsinə mane ola bilər. Bu zaman fərd “Əgər öz fikrimi bildirərəmsə, qrupa qəbul olunmaya bilərəm” kimi düşüncələrlə davranışını qrupun ümumi mövqeyinə uyğunlaşdırır.
Bundan başqa, öz fikrində qeyri-müəyyənlik yaşayan və nə istədiyini tam bilməyən fərdlər də qrupun təsirinə daha asanlıqla düşür və kollektivin fikrinə uyğunlaşır".
Həmçinin psixoloq bildirib ki, sosial təsirin gücünü azaltmaq üçün ilk növbədə özünə inamı artırmaq vacibdir:
"İnsan anlamalıdır ki, hər kəslə eyni fikirdə olmaq mümkün deyil, çünki hər kəs situasiyalara öz təcrübəsi və dünyagörüşü çərçivəsindən yanaşır.
Fikir ayrılığının olması tamamilə normaldır və bu hal təbii qarşılanmalıdır.
Hər bir fərdin şəxsi təcrübələri və dəyərləri nəticəsində formalaşan düşüncəsi var və bu fərqlilik onun özünəməxsusluğunu ifadə edir.
Düşüncələrimizin başqalarından fərqli olması bizi kənarlaşdırmaq üçün bir səbəb deyil, əksinə, fərdiliyimizi və dəyərimizi ortaya qoyur.
Əslində, insana dəyər verən insanlar onu olduğu kimi qəbul edər, onun fərqli fikirlərinə hörmətlə yanaşar və tənqid etmək və ya irad bildirmək ehtiyacı duymazlar.
Bu səbəblə fərd həm özünə inamını gücləndirməli, həm də fərqli olmaqdan qorxmamalı, fikirlərini ifadə etməkdə cəsarətli olmalıdır".
Nigar Həsənzadə