“Ukrayna güzəştə getməsə, daha çox ərazi itirəcək” 

Bölmə: Siyasət › ,
Tarix: 20:35 12.06.2025

 

“Ukrayna başqa dövlətlərin maraqları ilə idarə olunmağa davam edərsə, biz cavab verməyə məcbur olacağıq”.

Bu sözləri Ukrayna ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski deyib. Bu barədə “The Wall Journal” məlumat yayıb. Medinskinin sözlərinə görə, Kiyev güzəştə getmədiyi müddətcə Ukrayna daha çox ərazi itirəcək.

Heyət rəhbəri, həmçinin 18-ci əsrdə İsveçlə 21 illik müharibəyə işarə edərək bildirib: “Rusiya ilə uzunmüddətli müharibə aparmaq mümkün deyil”.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Pyotr dövründə Rusiya-İsveç müharibəsində Rusiyanın qələbə çaldığı doğrudur, ancaq bu günkü vəziyyət 18-ci əsrlə eyni deyil:

 

“Medinskinin verdiyi müsahibə Rusiyanın imperiyalist dairələrinin düşüncələrini ifadə edən fikirlərdir. Bu gün Rusiya beynəlxalq hüququ heçə sayaraq, müstəqil ölkələrin ərazilərini işğal edən ölkə durumundadır. Rusiya Ukraynadan tələb edir ki, nəinki özünün işğal etdiyi dörd vilayətin işğal altında olan ərazilərini, eyni zamanda həmin vilayətlərin hələ də Ukraynanın nəzarətində olan hissələrini də Rusiyaya versin və yalnız bu şərtlə müharibəyə son qoyulsun. Ukrayna isə bunu qəbul etmir. Hazırkı durumda Ukraynada heç bir siyasətçinin bunu qəbul edəcəyini düşünmürəm.

Uzunmüddətli müharibələrə gəldikdə isə sözsüz ki, 18-ci əsrdə Pyotr dövründə Rusiya ilə İsveç arasında uzun müddətli müharibə baş verib və nəticədə Rusiya qələbə qazanıb. Ancaq bu günkü vəziyyət 18-ci əsrdən ciddi şəkildə fərqlənir. Sadəcə olaraq, Rusiyanın məğlub edilib-edilməməsi təkcə Rusiyadan deyil, daha çox beynəlxalq güclərdən asılıdır. Görünən budur ki, üç il dörd aydır davam edən bu savaşda böyük güclər Rusiyanın məğlub olmasında maraqlı deyillər. Ona görə də Ukraynaya verilən yardımlar məhdud şəkildə təqdim olunur. Əgər həqiqətən də ABŞ və digər dövlətlər 2022-ci ildən bu günə qədər lazım olan silah və hərbi texnikanı vaxtında versəydilər, Rusiya Ukrayna ərazilərində bu qədər irəliləyə bilməzdi”.

 

Fatimə Şahverdiyeva