İranın bəyanatı Putinin sözlərini xatırladır

Tarix: 17:43 16.06.2025
İranın İsraillə münaqişəni genişləndirmək istəməməsi ilə bağlı bəyanatları Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni dayandırmağa hazır olması ilə bağlı sözlərini xatırladır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu müqayisə, əslində, uyğun deyil:
"Hazırda İsrail Rusiya rolunda çıxış edir, İran isə Ukrayna rolundadır. Axı İran Rusiya kimi ritorika ilə çıxış etmir. Bəli, İran danışmalıdır, amma reallıqda İrana qarşı aqressiya göstərildi və İran müdafiə mövqeyinə keçdi. Belə bir vəziyyətdə İran nə etməlidir? Bir neçə gün keçəndən sonra İran dövləti – daxili auditoriyası, xüsusilə də Şiə dünyası qarşısında – "mən güclüyəm, mən İsraili məhv edəcəyəm" deyə bəyanat verir. Belə bir ritorika ilə çıxış edən ölkə necə desin ki, mən indi sülhə hazıram? Hətta əgər hazır olsa belə, geri addım atmaq istəsə belə, bunu açıq şəkildə deməz. Bu, Putinə xas ritorika deyil. Əksinə, bu, divara dirənmiş, özünü müdafiə edən, artıq son çırpınışlarını edən bir yırtıcının dirənişidir. Düzdür, hələlik vəziyyət elə deyil ki, İsrail İrana tam şəkildə üstün gəlsin. Amma əgər İran ciddi zərbələrə məruz qalarsa, təbii ki, cavab verir. Sadəcə, İranın cavabları daha çox xaotikdir. İsrailin isə zərbələri dəqiq və hədəflidir. İranın yüksək rütbəli hərbi şəxsləri artıq öldürülüb. İran isə bu uğurlardan dərs çıxara bilməyib. Dünyada yayımlanan xəbərlərə əsasən, İsrailin hücumları daha təsirli görünür. Halbuki, İran tərəfi də bəyan edir ki, İsrailin müəyyən obyektlərinə zərbələr endirib. Amma bu, mediada işıqlandırılmır. Əsasən binaların zədələnməsi göstərilir və s. Burada qeyd etmək lazımdır ki, bu, həm də media savaşıdır. İran bildirir ki, İsrailin obyektlərinə ciddi zərbələr endirib, lakin dünya mediasında daha çox İsrailin İrana vurduğu zərbələr ön plandadır. Əsas məsələ budur ki, İran təkbaşına İsraillə savaşmır. İsrailin arxasında Amerika və bütövlükdə Qərb dayanır. Üstəlik, İsrailin nüvə silahı var, İranın isə yoxdur. Müasir müharibələrdə nüvə silahı olan bir ölkə, olmayan bir ölkəyə hücum edəndə bu, artıq ciddi strateji üstünlük deməkdir. Məsələn, Rusiya Ukraynaya hücum etdi. Rusiya nüvə silahına malikdir, Ukrayna isə yox. İndi də İsrail İrana qarşı hərbi əməliyyatlar aparır. İsrailin atom bombası var, İranın isə yoxdur. Əgər paritet olsaydı – yəni Ukraynanın və İranın da nüvə silahı olsaydı – nə Rusiya, nə də İsrail hücum etməyə cəsarət edərdi. Yəni burada həm nüvə silahı faktoru, həm də sənin arxanda kimin durması önəm daşıyır. İsrailin arxasında Amerika, Fransa, Britaniya kimi nüvə gücləri və NATO var. İran isə bu reallıqları nəzərə alaraq ehtiyatla davranır. Bu da təbiidir və başa düşüləndir. Başqa bir məsələ isə budur ki, reallıq bir şeydir, daxili auditoriyaya yönəlmiş ritorika isə başqa. Mənim fikrimcə, bu müharibə genişmiqyaslı quru əməliyyatına çevrilə bilməz. Çünki bu ölkələr arasında birbaşa quru sərhədi yoxdur. Bəli, bəzi plazdarmlar vasitəsilə quruda münaqişə mümkündür, amma hələlik nə İsrailin, nə də İranın buna real imkanı və marağı yoxdur. Hazırda savaş əsasən hava məkanında baş verir. Məncə, bu müharibə bir neçə gün içində Amerikanın müdaxiləsi ilə dayandırılacaq. Tramp artıq bu barədə mesajlar verir. İsrail deyəcək ki, biz İranın nüvə obyektlərinə ciddi zərbələr endirdik. İran isə deyəcək ki, bütün dünya ilə döyüşdü və ayaqda qaldı. İranın bu vəziyyətdən çıxması bəlkə də illər çəkəcək. Amma yenə də hər iki tərəf bu vəziyyəti özünün qələbəsi kimi təqdim edəcək.İsrail deyəcək ki, biz məqsədimizə çatdıq. İran isə deyəcək ki, biz məğlub olmadıq, ayaqda durduq. Bu müharibədə kim qalib sayılacaq? Bu artıq ölkələrə, daxili auditoriyalara və beynəlxalq ictimaiyyətə bağlıdır".
Qəmər Kazımzadə