“İsrail ABŞ-dən alınan silahlarla İrana hücum edib”

Tarix: 18:37 16.06.2025
İsrail İrana, ehtimala görə, ABŞ-dən alınan silahlarla hücum edib.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin İrana hücum edərkən ABŞ-dən aldığı silahlardan istifadə etməsi beynəlxalq hüquqda ciddi bir problem yaratmır:
“Adətən hər hansı dövlət başqa bir dövlətdən silah alarkən, bunu müdafiə məqsədilə aldığını bəyan edir. Lakin reallıqda silahlar yalnız alıcı dövlətin maraqlarının təmin olunması üçün istifadə olunur. Burada da İsrailin strateji marağı İrana zərbə endirmək idi. Təbii ki, burada ABŞ-nin da məsuliyyəti mövcuddur. Amma bu məsuliyyət silahların İsrailə satılması ilə bağlı deyil. Əsas məsuliyyət ondan ibarətdir ki, bu savaşdan öncə İsrail İrana hücum planını ABŞ ilə razılaşdırıb.
Heç kimə sirr deyil ki, İsrail Yaxın Şərqdə ABŞ-nin ən yaxın müttəfiqidir. İsrail heç bir addımını ABŞ-nin xəbəri, razılığı və dəstəyi olmadan atmır. Bu münaqişədə də ABŞ əvvəlcədən xəbərdar idi. Hətta Tramp da bildirdi ki, İran artıq nüvə proqramının ləğvi ilə bağlı anlaşmada razılığa gəlmək məcburiyyətindədir.
Beynəlxalq müqavilələr əslində müasir dünyada ciddi əhəmiyyət daşımır. Amerika Birləşmiş Ştatları başda olmaqla bir çox dövlətlər beynəlxalq müqavilələri özlərinə lazım gəldikdə kobud şəkildə pozurlar. Xüsusilə də son zamanlarda beynəlxalq hərbi-siyasi sistem artıq dağılmağa başlayıb. Hazırda heç bir dünya dövləti İkinci Dünya müharibəsindən sonra qurulmuş qlobal sistemin hüquq normalarına ciddi riayət etmir. Beynəlxalq hüquq normalarının pozulmasından çox, burada əsas məsələ ABŞ-nin İsrailin İrana hücumuna hansı səviyyədə dəstək verəcəyi ilə bağlıdır.
Digər tərəfdən, önəmli məqamlardan biri də budur ki, əgər İran-İsrail arasında müharibəyə kənar müdaxilələr intensiv xarakter daşıyarsa, o zaman yeni qlobal savaş qaçılmaz ola bilər.
İsrail indiyə qədər BMT Nizamnaməsini dəfələrlə pozmuş bir dövlətdir. Ona görə də İsraildən BMT Nizamnaməsinə riayət etməsini gözləmək olmaz".
Çimnaz Telmanqızı