"Kanadanın G7 sammitinə ev sahibliyi etməsi də təsadüfi deyil” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:25 16.06.2025

 

ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Tramp Ukrayna Prezidenti ilə yanaşı, Kanadanın Baş naziri Mark Karni və Meksika lideri Klaudiya Şeynbaumla da görüşməyi planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın Kanadada keçirilən G7 sammitində iştirak etməsi və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi beynəlxalq gündəmin əsas hadisələrindən birinə çevrilib:

 

“Bu görüş Vaşinqton–Kiyev xəttində mövcud olan münasibətlərə həm rəmzi, həm də praktiki təsir göstərmək gücünə malikdir. Donald Trampın 2016–2020-ci illərdəki prezidentliyi dövründə Ukrayna ilə münasibətləri bir sıra qalmaqallı olaylarla müşayiət olunub. Bu dəfə isə Tramp daha fərqli ritorika ilə çıxış edir. O, Ukraynaya hərbi dəstək verməyin əvəzinə, sülh danışıqlarına çağırır. Münaqişənin uzadılmasının ABŞ maraqlarına uyğun olmadığını bildirir. Zelenski ilə görüş bu kontekstdə baş tutur. Tərəflər arasında kompromis mövzularda fikir mübadiləsi gedir. Bu isə ABŞ–Ukrayna münasibətlərinin əvvəlki kimi şərtsiz olmayacağı ehtimalını gücləndirir.Digər tərəfdən, G7 sammiti öz mahiyyətinə görə qeyri-rəsmi, lakin qlobal səviyyədə çox təsirli bir platformadır. Bu ilki sammitdə əsas diqqət Rusiyaya qarşı yeni sanksiyalar, Çinlə iqtisadi və texnoloji rəqabət, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlərə yönəlib. İsrail–İran gərginliyinin artdığı, enerji bazarlarında qeyri-sabitliyin gücləndiyi və Ukrayna müharibəsinin diplomatik çıxış yolu tapmadığı bir dönəmdə G7 ölkələrinin koordinasiyalı strategiya ortaya qoyması həyati əhəmiyyət daşıyır”.

 

Politoloq qeyd edib ki, Kanadanın G7 sammitinə ev sahibliyi etməsi də təsadüfi deyil:

 

“Yeni Baş nazir Mark Karni beynəlxalq maliyyə institutlarında təcrübəsi olan, texnokrat imici ilə tanınan bir lider olaraq, bu görüşlərə həm rəmzi, həm də praktiki baxımdan ciddi töhfə verir. Kanada bu sammitdə sadəcə ev sahibi yox, həm də Qərb dünyasında siyasi və iqtisadi yumşaq güc rolunu möhkəmləndirməyə çalışır. G7 sammitinin nəticələri, xüsusilə Tramp–Zelenski görüşündən sonra Vaşinqton–Kiyev münasibətlərinin necə formalaşacağı və Qərb blokunun Rusiya və Çin kimi aktorlarla münasibətləri hansı çərçivədə davam etdirəcəyi ilə bağlı ciddi siqnallar verəcək. Bu kontekstdə dünya yeni bir geosiyasi dövrə- şərtli, riskli ittifaqlar dövrünə qədəm qoyacaq”.

 

Nuray Əliyeva