İsrail 4 gündür hücum edir, amma Fordo hələ də ayaqdadır

Tarix: 19:32 16.06.2025
İranla müharibənin dördüncü gününə qədəm qoyan İsrail hücumlarını dayanmadan davam etdirsə də, hədəf göstərdiyi Fordo nüvə obyektini məhv edə bilməyib. Mütəxəssislərin fikrincə, ABŞ-nin müdaxiləsi olmadan Təl-Əvivin bu obyekti sıradan çıxarması mümkünsüz görünür.
Lakin müharibənin başlanmasına səbəb olan İranın nüvə obyektləri hələ də yerində durur. Xüsusilə Tehranın cənubunda, Qum şəhəri yaxınlığında, bir dağın təxminən bir kilometr dərinliyində yerləşən Fordo Uran Zənginləşdirmə Obyekti İsrailin ən önəmli hədəflərindən biri kimi önə çıxır.
2009-cu ildə varlığı üzə çıxan Fordo obyekti beynəlxalq ictimaiyyətdə İranın nüvə silahı istehsal etmək niyyətinə dair narahatlıqları artırıb. 2015-ci ildə İran, ABŞ də daxil olmaqla bir neçə ölkə ilə imzaladığı nüvə sazişi çərçivəsində bu obyektlə bağlı fəaliyyətləri dayandırmağı qəbul edib. Lakin Trampın 2018-ci ildə həmin sazişdən çıxmasından sonra İran uranın zənginləşdirilməsi işlərini yenidən bərpa edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci ilə aid hesabatına görə, İran 60 faiz zənginləşdirilmiş urana sahibdir. Bu göstərici 90 faizə çatdırılarsa, İranın altı nüvə bombası istehsal edə biləcək gücə çatacağı bildirilir. Mütəxəssislər qeyd edirlər ki, bu səviyyədə zənginləşdirilmiş urana sahib olub, nüvə silahı olmayan yeganə ölkə İrandır.
Haberler.com
Aygün Babayeva