“İran ilə İsrail arasında vasitəçilik etməyə hazırıq” - Rusiya

Tarix: 20:37 16.06.2025
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın İsrail ilə İran arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Peskov: “Rusiya bu böhranın əsas səbəblərinin aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”, - deyib.
Peskov paytaxt Moskvada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Rusiya ilə Ukrayna arasında yeni danışıqların nə zaman və harada keçiriləcəyi ilə bağlı suala cavab verən Peskov bu ilə əlaqədar tarixin hələlik müəyyən edilmədiyini bildirib.
Peskov: “Ukrayna ilə danışıqlar üçün başqa platformaların seçilməsi ilə əlaqədar da heç bir müzakirə aparılmayıb”, - bildirib.
İsrailin İrana qarşı həyata keçirdiyi şiddətli hücumlarla başlayan qarşıdurmaya toxunan Peskov: “Bölgədə təhlükəli gərginliyi artıran bu addımları qınayırıq. İran cəmiyyətinin İsraildən həyata keçirilən hücumlar qarşısında daha çox birləşdiyini müşahidə edirik”, — deyib.
Peskov Rusiya Prezidenti Vladimir Putinin İran Prezidenti Məsud Pezeşkian, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp ilə bununla bağlı ayrı-ayrılıqda telefon danışıqları apardığını da əlavə edib:
“Rusiya ehtiyac yarananda vasitəçilik dəstəyi göstərməyə hazırdır. Putin ilə Tramp arasında danışıqlarda irəli sürülən təklif masa üzərində qalır. Bu təklif aktualdır. Bu baxımdan Rusiya hazır və istəklidir. Ehtiyac yarananda bunun hamısını həyata keçirmək mümkündür. Rusiya bu böhranın əsas səbəblərinin aradan qaldırılmasına töhfə vermək üçün əlindən gələni etməyə hazırdır”.
TRT XƏBƏR
Nuray Əliyeva