ABŞ və İran arasında diplomatik zəng

Bölmə: Siyasət › ,
Tarix: 20:45 16.06.2025

 

ABŞ-nin xüsusi nümayəndəsi Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında diplomatik telefon danışığı baş tutub. Danışıqlarda Yaxın Şərqdəki gərgin vəziyyət, İsrail-İran qarşıdurması və regional sabitliyə təhdid yaradan məsələlər müzakirə olunub. 

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail dövləti tərəfindən, hərbi rəhbərlik tərəfindən İrana qarşı “Sıçrayan Şir” adlı əməliyyat tətbiq olunur:

 

"Artıq dördüncü gündür ki, İsrail ilə İran arasında bu müharibə hərbi hava hücumları səviyyəsində davam edir. Digər tərəfdən isə, bildiyiniz kimi, İran tərəfi də buna cavab olaraq “Gerçək Cavab 3” adlı bir əməliyyat keçirib. Hər iki tərəfdən raket və pilotsuz uçuş aparatlarının atəşi nəticəsində ölənlər, dağıdılan obyektlər və yaralananlar var.Təxminən 60 gün öncə cənab Tramp İrana bir şans vermişdi ki, bu ölkə atom bombasının zənginləşdirilməsi ilə bağlı proqramlardan əl çəksin. Artıq bu vaxtın 61-ci günündə İsrail tərəfindən İrana hücum həyata keçirildi. İran tərəfi, bildiyiniz kimi, Qətər və Bəhreynlə də əlaqədədir. ABŞ-lə İran arasında Bəhreyn və Moskva şəhərlərində görüşlər keçirilib. Bu, birbaşa danışıqlardır və həmin danışıqlarda ABŞ tərəfindən cənab Uyidqov, İran tərəfindən isə cənab Araqçi rəhbərlik edirdi. İran Xarici İşlər nazirinin təmsilçisi Araqçi ilə Uyidqov arasında telefon danışığında birinci tələb, Qətər və Bəhreyn vasitəsilə xaric edildiyi kimi, İsrailin İranı bombalamasının dayandırılması olub. Bundan sonra isə İranın İsrail və ABŞ ilə danışıqlara başlaması nəzərdə tutulur. Bu, əsas şərtdir. Yəni, əgər bu müharibə davam edərsə, İsrail tərəfindən İranın müxtəlif əraziləri atəşə tutularsa, Araqçinin dediyinə görə, heç bir danışıqlardan söhbət gedə bilməz. İkinci olaraq, bu müharibənin davam etməsi nəinki regiona, hətta bütün dünyaya sıçraya bilər. Beləliklə, bu, İslam və Xristian dünyasını qarşı-qarşıya qoya bilər və nəticədə dünyada humanitar və maddi təhlükələr yarana bilər. Bu gün dünya həm Ukrayna-Rusiya qarşıdurmasından, həm də Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurmasından əziyyət çəkir. Cənab Trampın yaxın günlərdə Kanadada keçiriləcək G7 sammitində iştirakı gözlənilir və dünən cənab Putinlə telefon danışığı zamanı, Putinin İrana təsir göstərməsi məsələləri müzakirə edilib. Bildiyiniz kimi, G7 dövlətləri Kanadada toplanan sammitdə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Cənab Tramp buna qarşı çıxacaq və cənab Putinə İsrail-İran qarşıdurmasında İrana təsir göstərmək imkanı verməyə çalışacaq".

 

Ekspert həmçinin bunu da bildiirb ki, cənab Uyidqovla cənab Araqçi arasında baş tutan telefon danışığında İranın İsrailə atəş açmasının dayandırılması məsələləri müzakirə olunacaq:

 

"Həmçinin İran tərəfinin bəyan etdiyi kimi, Hörmüz boğazı və Yəmən boğazının İran tərəfindən bağlanmaması ilə bağlı da bir tələb irəli sürüləcək. Çünki bu iki boğaz bağlanarsa, neft məhsullarının qiyməti kəskin şəkildə arta bilər. Bu isə dünya iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Buna görə də, əvvəldən ABŞ tərəfi İsraildən İrana məxsus neft və qaz yataqlarının vurulmaması ilə bağlı xahiş edib. Lakin bu gün İsrail tərəfindən İrana məxsus neft və qaz yataqları hədəf alınır. Hətta belə deyilir ki, dünya qaz ehtiyatlarının 20%-nin yerləşdiyi, İranın Qətərə yaxın sərhəd bölgəsində yerləşən şərqi Fars qaz yataqlarının vurulması ehtimalı da var. Əlbəttə ki, cənab Uyidqovla cənab Araqçi arasında baş tutan bu telefon danışığının birbaşa olaraq Azərbaycan, İran və ya İsrail-İran münasibətlərinə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan İranla qonşu dövlətdir. Orada 40 milyondan çox soydaşımız yaşayır. Onların taleyi və həyatı bizim üçün önəmlidir. Hər hansı bir fəlakət baş verdikdə, qaçqın axınının Azərbaycana yönəlməsi gözlənilə bilər. Buna görə də Azərbaycan həm strateji müttəfiqi olan İsraillə, həm də qonşu dövləti olan İranla münasibətlərini balanslı şəkildə saxlamaqda maraqlıdır. Təbii ki, sərhədlərinə yaxın ərazilərdə müharibənin olmaması da Azərbaycanın əsas maraqlarındandır. Bu səbəbdən də Azərbaycanın Xarici İşlər naziri hər iki tərəflə təmasda olmuşdur".

 

Gülhüseynova Güllər