Qazaxıstanın paytaxtında I Regional Enerji Forumu başlayıb

Tarix: 22:16 16.06.2025
Qazaxıstanın paytaxtı Astanada ilk regional “Mərkəzi Asiya — Çin Energetika Forumu” start götürüb. Forum Energetika Nazirliyi və İnfrastruktur və İnnovativ İnkişafın Təşviqi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
“Kazinform”un verdiyi məlumata əsasən, tədbirin əsas məqsədi dövlət başçılarının əldə etdiyi razılaşmaları real layihələrə çevirməkdir. Forum çərçivəsində neft-kimya və “yaşıl” enerji sahəsində inkişafı hədəfləyən strateji layihələrin işə salınması və bir sıra investisiya sazişlərinin imzalanması nəzərdə tutulur.
Energetika naziri Erlan Akkenjenov forumun açılışında bildirib:
“Qazaxıstan və Çin arasında enerji sahəsində əməkdaşlıq münasibətlərimizin əsas sütunlarından birini təşkil edir. Yeni ‘qızıl otuzillik’ dövrünə daxil olduğumuz bir vaxtda tərəfdaşlığımızı konkret layihələr mərhələsinə çıxarırıq. Əsas təşəbbüslər arasında Şımkənt Neft Emalı Zavodunun modernləşdirilməsi, Aktöbe vilayətində karbamid istehsalı zavodunun inşası və bərpa olunan enerji sahəsində iri layihələrin həyata keçirilməsi yer alır".
Nazirin sözlərinə görə, bu addımlar ölkədə texnologiyaya əsaslanan və müxtəlif sahələri əhatə edən bir iqtisadiyyatın qurulmasına xidmət edir.
Forum çərçivəsində enerji, sənaye və infrastruktur sahələrində əsas təşəbbüslər təqdim olunacaq və təsdiqlənəcək. Təxminən 25 milyard dollar dəyərində 60-a yaxın sazişin imzalanması gözlənilir.
Bu razılaşmalar arasında Şımkənt Neft Emalı Zavodunun illik gücünün 12 milyon tona çatdırılması da var. Layihənin həyata keçirilməsi emal imkanlarını artıracaq və neft məhsullarının ixracını genişləndirəcək.
Qaz sənayesi sahəsində isə Aktöbe vilayətində karbamid zavodunun tikintisinə başlanılacaq. Bu layihənin həyata keçirilməsi üçün “QazaqGaz”, yerli icra hakimiyyəti və Çinli investorlar arasında razılaşma əldə olunub. Eyni zamanda, China Construction Bank Corporation ölkədə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün 1 milyard dollarlıq kredit xətti açacaq.
“Yaşıl” enerji sahəsində isə enerji saxlanma sistemi ilə təchiz olunmuş “Sauran” günəş elektrik stansiyasının inşası planlaşdırılır. Bundan başqa, China Southern Power Grid ilə su elektrik yığım stansiyalarının yaradılması və China Energy International ilə hidrogen enerjisi sahəsində əməkdaşlığa dair memorandumlar imzalanacaq.
Anadolu Agency
Ayan Əsgərova