Qətər: Raket zərbəsi münasibətləri pozub

Bölmə: Dünya › ,
Tarix: 18:09 24.06.2025

 

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bildirib ki, İranın Qətərdə yerləşən ABŞ hərbi bazasına raket hücumu iki ölkə arasındakı münasibətlərə "iz buraxıb". Lakin o, gələcəkdə diplomatik əlaqələrin bərpa olunacağına ümid etdiyini də ifadə edib.

 

Məlumata görə, İranın Al Udeid Hərbi Hava Bazası istiqamətindəki raket hücumu İsrailin İrana qarşı hərbi zərbələrində ABŞ-nin iştirakına cavab olaraq həyata keçirilib. Hücum bazar ertəsi baş versə də, İranın öncədən xəbərdarlıq etməsi nəticəsində xəsarət alan olmayıb və qısa müddət sonra ABŞ atəşkəs elan edib.

 

Qətər uzun illərdir bölgədə, o cümlədən İran və ABŞ arasında, həmçinin İsraillə HƏMAS arasında davam edən Qəzza müharibəsində vasitəçi rolunu oynayıb.

 

Şeyx Məhəmməd Əl Tani Beyrutda Livan baş naziri ilə keçirdiyi mətbuat konfransında qeyd edib:

“Baş verənlər münasibətlərə iz salıb, lakin zamanla hər kəs başa düşməlidir ki, bu cür qonşuluq münasibətləri pozulmamalı və zəiflədilməməlidir”.

 

O, həmçinin qeyd edib ki, İran prezidenti Məsud Pəzeşkiyan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığında təəssüf hissi keçirdiyini bildirib və Qətərdə yerləşən hərbi bazanın hədəf alınmasına görə üzrxahlıq edib.

 

ANEWZ

Gülhüseynova Güllər