Putin ona Ermənistanla bağlı tapşırıq və 1 il vaxt verib

Tarix: 19:45 24.06.2025
Ölkənin Rusiyaya olan inamı azalıb. Beynəlxalq Respublikaçılar İnstitutunun 2024-cü ildə keçirdiyi sorğu ermənilərin yalnız 31%-nin Moskva ilə əlaqələrə müsbət baxdığını göstərib. Halbuki 2019-cu ildə bu göstərici 93% olmuşdu. Əksər ermənilərin nəzərində Fransa Ermənistanın əsas müttəfiqidir. Bu məsələdə ABŞ Fransadan bir az geridə qalır.
''İnformator.az'' xəbər verir ki, bu barədə “Moskov Tayms”ın (“The Moscow Times”) məqaləsini jurnalist Elbəyi Həsənli paylaşıb.
Qəzet bildirib ki, Ermənistanda Rusiyanın təsiri zəifləyir və hətta İrəvanın mərkəzində bir çox gənc artıq rus dilində danışmır və bu dili heç başa düşmür.
Məqalədə o da vurğulanır ki, Ermənistan Qarabağ məsələsində ona dəstək verməyən Rusiyadan uzaqlaşır, Putin isə bu prosesi durdura bilmir:
“Ermənistan sadəcə Rusiyadan uzaqlaşmır. O, fəal şəkildə yeni körpülər qurur. Azərbaycanla, Türkiyə ilə bağlı sərhədləri açmağa çalışır. Ermənistanı dənizə çıxışı olmayan forpostdan regional mərkəzə çevirə biləcək sülh sazişinin imzalanmasına getdikcə daha az vaxt qalır...”
“Vedomosti”nin məlumatına görə, Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırılıb.
“Bu asan olmayacaq. Rusiya mənbələri özləri etiraf edirlər ki, indi Ermənistanda “Rusiyanın sözünü deyən kimsə yoxdur”. Hər ikisi korrupsiyaya və avtoritarizm nostaljisinə düçar olmuş qocalmış eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan başqa, rusiyayönlü düşərgə virtual kabus şəhərini xatırladır...” – məqalədə etiraf edilir