İranın nüvə oyunu-Rusiya, Çin və Şimali Koreya faktoru

Bölmə: Siyasət › ,
Tarix: 18:05 25.06.2025

 

İranın nüvə proqramı ətrafında yenidən formalaşan siyasi və hərbi dinamika Yaxın Şərqi təhlükəli bir dövrəyə sürükləyir. ABŞ və İsrail Tehranı artıq bu sahədə “geri dönüşü olmayan” nöqtəyə çatdırdıqlarını bəyan etsələr də, İranın ritorikası və MAQATE ilə əməkdaşlığı dayandırması yeni suallar doğurur. Bütün bu proseslər fonunda ABŞ prezidenti Donald Trampın son hərbi zərbələr İranın nüvə proqramını “onilliklər geri atıb” iddiası daha da diqqətçəkici görünür.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan  “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və ABŞ-nin əlində dəqiq kəşfiyyat məlumatları olduğu görünür,ona görə də əminlik ifadə edirlər:

 

“ABŞ və İsrailin iddialarına görə İranın bütün nüvə silahı ehtimalı edilən istehsalatını kökündən dağıdıblar və o,bir daha bunu yeniliyə bilməz. Əgər buna inansaq, İranın MAQATE ilə əməkdaşlıq edib etməməsi önəm kəsb etmir. İran üzdə yenə də dünyaya meydan oxuduğunu göstərmək, beynəlxalq qanunlara məhəl qoymadığını demək istəyir. Eynilə Səddam Hüseynin də başına bu formada hadisələr gəlib.O da gah MAQATE-ni ölkəsinə buraxıb,gah da imtina edib.ABŞ-nin məqsədi isə dəqiqləşdirmək idi ki, İraqda nüvə silahı potensialı var, yoxsa yoxdur. Ona tam aydın olandan sonra ki, yoxdur, bombalamaqla kifayətlənib.İndi də bu oyun İran üçün keçərlidir.Təbii ki, Səudiyyə Ərəbistanı da İranın nüvə silahı hazırlamasından narahatdır. İran isə iddia edir ki, ABŞ-nin və İsrailin bombaları onun nüvə obyektlərinə ciddi xələl gətirməyib”.

 

 Həmçinin siyasi şərhçi qeyd edib ki,İranın gizli şəkildə nüvə silahı düzəltməsinə dəstək verənlər də var:

 

“Beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməklə də qısa müddətdə gizli şəkildə nüvə silahı düzəldə bilər. Çünki Rusiya, Çin və Şimali Koreya kimi dövlətlər ona bu işdə fəal dəstək verirlər.

 

Yaxın Şərqdə İrana bağlı proksi qüvvələrin təsirində olan dairələrdə bu qəhrəmanlıq kimi tərənnüm olunsa da ,ərəb ölkələrində mənfi qarşılanacaq. Ona görə ki, İranın nüvə silahına sahib olması ilk növbədə ərəb və müsəlman dövlətlərinə yönələcək. Dövlət ideologiyasını indi terrorla yeritməyə cəhd edirsə nüvə silahı olsa onunla təhdid edəcək.İranın nüvə silahına sahib olması təbii ki, ilk növbədə region ölkələri üçün təhlükədir. Qarışıq və ziddiyyətli dövlət idarə sistemi olan İranda hərbi sahə müxtəlif bir - birinə zidd qrupların və qurumların əlindədir.Əgər nüvə silahı SEPAH kimi, BƏSİC kimi təşkilatların əlinə keçərsə yaxud onların ixtiyarına verilərsə hər şeydən öncə qonşular və bölgə üçün təhdid obyektinə çevriləcək”.

 

Siyasi şərhçi əlavə edib ki,ABŞ,İsrail atəşkəs zəminində nəfəs dərib yeni strategiya seçəcəklər:

 

“Hesab edirəm ki, ABŞ-nin və İsrailin İranla işi hələ bitməyib. İranın isə MAQATE ilə əməkdaşlığı dayandırması doğru qərar deyil. Bu addım dünya birliyini yenidən narahat edəcək və İrana qarşı yeni sanksiyaların tətbiqinə gətirib çıxaracaq”.

 

Səkinəbəyim Cəfərova