"ADB Orta Dəhlizin infrastrukturunun inkişafına təxminən 4 milyard dollar investisiya yatırıb"-Yevgeni Jukov

Tarix: 19:23 25.06.2025
Asiya İnkişaf Bankı (ADB) 2001-ci ildən bəri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqazda avtomobil və dəmir yolu obyektlərini əhatə edən 24 infrastruktur layihəsinin həyata keçirilməsinə təxminən 4 milyard ABŞ dolları yönəldib.
"İnformator.az" xəbər verir ki, bu barədə ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə Regional Departamentinin baş direktoru Yevgeni Jukov Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) 10-cu illik toplantısı çərçivəsində TBNM-ə həsr olunmuş seminar zamanı bildirib.
O qeyd edib ki, Orta Dəhliz Avropa və Asiya arasında alternativ marşrutdur: “TBNM dəyişən geosiyasi reallıq şəraitində strateji əhəmiyyət daşıyır. Son xarici təsirlər onun strateji əhəmiyyətini daha da artırıb. ADB Orta Dəhlizi Asiya və Avropa arasında əsas həlqə kimi görür".
Y.Jukovun sözlərinə görə, ADB regionda nəqliyyat və enerji əlaqələrinin inkişafında AIIB ilə fəal əməkdaşlıq edir: “Xüsusilə, birgə təşəbbüslər arasında Gürcüstanda Batumi dairəvi avtomobil yol layihəsi, həmçinin davamlı enerji təchizatına və ekoloji cəhətdən təmiz daşımalara töhfə verəcək Xəzər dənizi vasitəsilə təklif olunan "Yaşıl Enerji Dəhlizi" var”.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyontona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.