Vizasız səyahət imkanı

Tarix: 20:17 16.07.2025
İyulun 16-dan etibarən Azərbaycan vətəndaşları üçün Çinə vizasız səyahət imkanı yaranıb. Bu, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış qarşılıqlı vizasız rejim sazişinin qüvvəyə minməsi ilə mümkün olub.
Mövzu ilə bağlı Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Çin və Azərbaycan arasında vizasız gediş-gəlişin rəsmiləşdirilməsi təbii ki, ölkəmizə gələn turistlərin sayına əsaslı dərəcədə öz göstərəcək:
"Nəzərə alsaq ki, əvvəllər Azərbaycan tranzit ölkə kimi gələn tursitlərdən faydalanırdı. Amma hazırda həm klassik, həm də modern ipək yolu marşrutlarında iştirak edəcək Çinli turistlər Azərbaycanda müxtəlif alt turizm məhsullarından da yararlana biləcəklər. Buna görə də düşünürük ki, bölgələrlə bağlı müxtəlif çeşidli məhsulların hazırlanması, əsasən də mədəni marşrutlar, etnoqrafik və mətbəx turlarının daha çeşidli təqdim olunması Azərbaycanı turizm cəhətdən daha cəlbedici hala gətirəcək. Hazırda Gürcüstan və Azərbaycan Qafqazda kombinə olunmuş marşrutlarda uğurla iştirak edir. Əlbəttə, burada sertifikasiyadan keçən, çincə danışan bələdçilərimizin sayının artmasında maraqlı olmalıyıq. Nəzərə alsaq ki, Çin bazarı spesfik bazardır. Həm yerləşdirmə obyektlərində, həm nəqliyyat vasitələrində, həm də müxtəlif regionlarda fəaliyyət göstərən əlavə xidmət sahələrində tələb edilən bəlli standartlara cavab verməsi Çin turistlərinin mütəmadi və davamlı olaraq, Azərbaycana gəlməsinə şərait yaradacaq".
Billurə Quliyeva