ABŞ hərbçiləri Ukraynaya getməyəcək

Bölmə: Siyasət › ,
Tarix: 20:22 16.07.2025

ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Ukrayna ərazisinə göndərilməyəcəyini bəyan edib.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın “Amerika hərbçiləri Ukraynada döyüş əməliyyatlarında iştirak etməyəcək” bəyanatı bir neçə səviyyədə ciddi geosiyasi əks-səda doğura bilər:


“İlk növbədə bu açıqlama Ukrayna üçün psixoloji və operativ cəhətdən sarsıdıcı ola bilər. ABŞ-nin birbaşa hərbi müdaxilədən imtina etməsi, Ukrayna Qərbin verdiyi siyasi və hərbi dəstəyə olan inamında müəyyən tərəddüdlərə yol aça bilər. Bu, xüsusilə də Rusiya aviasiyası və raket hücumları qarşısında hava üstünlüyü uğrunda mübarizə fonunda baş verirsə, Kiyevin daha çox tək buraxıldığı görüntüsü formalaşa bilər. Eyni zamanda, Tramp administrasiyası bu bəyanatla Rusiyaya birbaşa açıq konfrontasiyadan çəkinən, lakin dolayı yolla dəstəyi davam etdirən strategiyanı nümayiş etdirir. Buradakı mesaj aydındır: ABŞ bu münaqişəni genişləndirmək və NATO-Rusiya qarşıdurmasına çevirmək niyyətində deyil, amma Ukraynanı tamamilə tək də buraxmayacaq. Bu, Moskvanı sakitləşdirmək, lakin eyni zamanda, Qərb koalisiyası daxilində daha çox Avropa ölkələrinin məsuliyyət daşımasına yol açmaq məqsədi daşıyır”.

 

Politoloq qeyd edib ki, regiondakı müharibənin gedişinə gəldikdə bu bəyanat əslində iki cür təsir yarada bilər:

 

"Bir tərəfdən, Rusiyanın aqressivliyini artıraraq onun daha geniş hücumlara keçməsinə stimul verə bilər. Çünki Moskva Qərbin “qırmızı xətlələrdən” geri çəkildiyini düşünə bilər. Digər tərəfdən, Trampın bu addımı NATO daxilində münaqişənin eskalasiyasının qarşısını almaq və diplomatik kanalların açıq qalmasını təmin etmək baxımından da düşünülən gediş ola bilər. Nəticədə bu bəyanat, Ukrayna üçün hərbi deyil, daha çox siyasi və strateji baxımdan əhəmiyyətli bir dönüm nöqtəsi ola bilər”.


Nuray Əliyeva