Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdakı infrastruktur layihələri ilə tanış olub

Tarix: 16:17 20.07.2025
3-cü Şuşa Qlobal Media Forumunun mədəni-informasiya proqramı çərçivəsində tədbir iştirakçıları Ağdam şəhərindəki dəmir yolu və avtovağzal kompleksində olublar.
“İnformator.az" ın xəbərinə görə, qonaqlara Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, eləcə də Bərdə-Ağdam-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisi ilə bağlı planlar barədə məlumat verilib.
Rayonun əsas strateji infrastruktur obyektlərindən biri olan bu nəqliyyat qovşağının təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Kompleks Ağdamın bərpası və müasir şəhər kimi inkişafında mühüm rol oynayır. Gündəlik 800-dən 1000-ə qədər sərnişinin qəbul edilməsinə hesablanmış dəmir yolu stansiyası 10 may 2025-ci ildə açılıb. Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.