Kimlər magistr adını qazanacaq? Nəticələrin açıqlanmağına 2 gün qaldı

Bölmə: Sosial › , Maraqlı › ,
Tarix: 10:57 16.07.2023

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanları iki dəfə - fevralın 19-da və iyunun 11-də keçirilib. 2023-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24118 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 20823 nəfər idi. 

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub. Ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil edib.
Bu il 90 və daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub.
Bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur. Maraqlıdır, tələbələr hansı universitetlərə sənəd verməyi üstün tuturlar? İnformator.az saytı olaraq bir neçə tələbə ilə həmsöhbət olduq.
Magistr imtahanından 82 bal toplayan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Əsgərova Qumru deyir:
"İmtahan sualları əvvəlki illərin qəbulu ilə müqayisə də çox asan olsa da, məncə, fevralda olan imtahan sualları daha asan idi. İxtisas seçimi zamanı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universitetlərinə(AzTu) üstünlük verdim. Əsas səbəbi həm dərs saatlarına görə, həm də ölkə üzrə inkişaf etmiş universitetlər olduğu üçün belə bir seçim etdim.
Xarici ölkədə təhsil almağıma valideynlərim icazə verməyəcəklərinə görə, Azərbaycanda təhsilimi davam etdirməyə qərar verdim".
Magistr imtahanından 81 bal toplayan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Sabir Hacıyev də yüksək bal toplayanlar sırasına daxil olub. "Magistr imtahanlarının sualları çox asan idi. Əsas səbəbi isə köhnə illərdən olan sualların daha çox salınması idi. İxtisas seçimi zamanı isə daha çox axşam saatları zamanı tədris edən universitetlərə üstünlük verdim. Mənim sahəmə uyğun olan İqtisad Universitetindəki ixtisaslar üzərindən seçimlər etdim. Bu universiteti seçməyin də səbəbi burada axşam dərs saatlarının mövcud olması və təhsilimi davam etdirməklə, işləyə bilməyim üçün şəraitin olması idi".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu 78 bal toplayan Tükəzban Verdiyeva seçimlərini edərkən həm özünün, həm də valideynlərinin istəklərinə uyğun etdiyini qeyd edib: "Mənə görə magistr imtahanının sualları digər illərə nisbətən asan idi. Əvvəlcədən də araşdırmalarıma əsasən, daha uyğun olan Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçdim. Valideynlərimin fikirlərini nəzərə alaraq seçim etsəm də, lakin öz istəyimin də payı var".
Magistr imtahanlarından 64 bal toplayan Bakı Dövlət Universitetinin məzunu Piriyev Pərvin təhsilini ölkəmizdə davam etdirmək istədiyini qeyd edib: "Magistr imtahanınında mənə və bir çox tələbəyə görə ən çətin fənn ingilis dili idi. İnformatika və məntiq fənni nisbətən asan idi. Magistr təhsilimi Azərbaycanda, doktoranturanı isə xarici ölkədə oxumağı düşünürəm. Həm ixtisasım üzrə çalışmaq, həm də təhsil dərəcəmi artırmaq istəyirəm.
İxtisas seçimində Bakı Dövlət Universitetində jurnalistika ixtisaslarını seçmişəm. Düşünürəm ki, bu ixtisas BDU-da daha peşəkar şəkildə tədris olunur".
Magistr imtahanından 67.5 bal toplayan Azərbaycan Texniki Universitetinin (AzTu) məzunu Orxan Qənbərov da ölkəmizdə təhsil almaq istəyənlər sırasındadır: "Məncə, magistr imtahanının birinci şansı daha asan idi. İkinci imtahanda həm imtahanın səviyyəsi çətin idi, həm də birinci imtahan kimi hazırlaşmamışdım.
İxtisas seçimində isə AzTu-ya üstünlük verdim. Artıq 4 il idi orada təhsil almışam və mühitə, müəllimlərə öyrəşmişəm. Başqa universitetlərdən də balıma uyğun gələni qeyd etmişəm. Xaricdə magistr təhsili almağı düşünmədim, çünki ailə üzvlərim buradadır. Onlardan kənarda yaşamaq istəmədim".
Magistr imtahanlarından 63,5 bal toplayan Sumqayıt Dövlət Universitetinin məzunu Fərid Abbasov ixtisas seçim edərkən gələcək karyera planlarına nə dərəcədə uyğun olmasını, ixtisas və universitet prestiji kimi məsələləri ön planda tutduğunu vurğulayıb: "Bu ilki imtahan nəticələrinin keçən ilə nisbətən daha yüksək olmasının səbəbi bu il magistraturaya sənəd verən tələbələrin sayının keçən ilə nisbətən çox olmasıdır. Düşünürəm ki, imtahanın ümumi çətinlik səviyyəsinin qiymətləndirilməsi imtahan verən şəxsin hazırlıq səviyyəsindən asılıdır.
Bakı Dövlət Universiteti ixtisas seçimi zamanı əsas üstünlük verdiyim ali təhsil müəssisəsi idi. Mənə görə, magistratura səviyyəsində təhsil almaq istədiyim ixtisas bu universitetdə daha yüksək tədris olunur. Əlavə olaraq, Bakı Slavyan Universiteti və AzTu da seçimlərim arasında idi. Maddi məsələlər və ailəmi yalnız buraxıb getmək istəməməyim xaricdə təhsil planlarımı ertələməyimə səbəb oldu".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Magistratura pilləsinə qəbulun nəticələrinin 2 gün ərzində məlum olacağını açıqlayıb.

 


Fatimə Mustafayeva