00:00:00
Yazar
Admin User
11.09.2025 17:44 103 2 dəq oxuma
Siyasət

11 sentyabr hadisələrindən sonra Azərbaycan-ABŞ münasibətləri

11 sentyabr hadisələrindən sonra Azərbaycan-ABŞ münasibətləri

 

11 sentyabr hadisələri dünya siyasətində yeni bir mərhələnin başlanğıcı olub və ABŞ-nin beynəlxalq tərəfdaşlıqlarında da mühüm dönüş yaradıb. Bu hadisələrdən sonra Azərbaycan və ABŞ arasında münasibətlər xüsusi önəm kəsb edib. Azərbaycanın o dövrdə göstərdiyi dəstək, xüsusilə Əfqanıstandakı missiyada iştirakı iki ölkə arasında əməkdaşlığın əsas nümunələrindən biri kimi yadda qalıb.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, 11 sentyabrdan sonra dünyada proseslər dəyişib və xüsusilə terrora qarşı mübarizə koalisiyası formalaşıb:

 

"Azərbaycan bu məsələdə ABŞ-yə dəstək verən əsas ölkələrdən biri olub və beynəlxalq terrorizmə qarşı aktiv iştirak edib. Bu isə Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olub. Məhz həmin dövrdən sonra 907-ci düzəlişin təxirə salınması prosesi başlayıb. Azərbaycanın terrorizmə qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə ABŞ 907-ci düzəlişin icrasını dayandırıb. Azərbaycanın Əfqanıstandakı missiyada iştirakı da xüsusi rol oynayıb. Ölkəmiz yalnız birgə fəaliyyət göstərməklə kifayətlənməyib, həm də tranzit platforması kimi ABŞ hərbi kontingentinin istifadəsində mühüm yer tutub. Bu, Azərbaycanın beynəlxalq müstəvidə təhlükəsizliyin təmin edilməsindəki rolunu daha da ön plana çıxarıb və ölkənin qlobal təhlükəsizlik sisteminə töhfə verə biləcək potensiala malik olduğunu göstərib. Sonrakı mərhələdə isə münasibətlərdə eniş-yoxuşlar müşahidə olunub. Xüsusilə, Biden administrasiyası dövründə 907-ci düzəlişin yenidən aktivləşdirilməsi əlaqələrə ciddi zərbə vurub. Bu, Azərbaycan-ABŞ münasibətlərində ən pis dövr kimi yadda qalıb. Halbuki Azərbaycanın Əfqanıstan missiyasına verdiyi töhfə kifayət qədər mühüm olub, lakin ABŞ bunu yetərincə dəyərləndirilməyib. Trampın hakimiyyəti dövründə isə yeni bir səhifə açılaraq münasibətlərin inkişafı istiqamətində addımlar atılıb. Hazırda beynəlxalq terrorizm zəifləsə də, tam sıradan çıxmayıb. Təhlükəsizlikdə yeni təhdidlər — kiberhücumlar, pandemiyalar və regional münaqişələr mövcuddur. Azərbaycanın bu istiqamətdə ABŞ ilə əməkdaşlıq potensialı qalmaqdadır. Gələcəkdə Azərbaycan və ABŞ yalnız terrorizmə qarşı deyil, həm də müxtəlif regionlarda münaqişələrin həllində birgə fəaliyyət göstərə bilərlər. Bu baxımdan Azərbaycanın dialoq təşəbbüslərində iştirakı və vasitəçi kimi çıxış etməsi xüsusi əhəmiyyət daşıyır".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər