1335-ci gün: Rusiyanın itkiləri yenilənib
Məlumata əsasən, Rusiya indiyə qədər 1131070 hərbçi, 11 270 ədəd tank, 23 399 ədəd zirehli döyüş maşını, 33 879 ədəd artilleriya sistemi, 1 520 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 229 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 64 892 ədəd avtomobil texnikası, 72 365 ədəd PUA, 3 864 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 980 xüsusi avadanlıq itirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki, Ukrayna Rusiya savaşı artıq dördüncü ilini tamamlamağa yaxınlaşır və bu müddət ərzində ölənlərin və itkilərin sayı həddən artıq çoxdur:
“Ümumiyyətlə, bu savaş ağır bir savaş olub. Bu həm də eyni zamanda, tükəndirmə savaşıdır, tərəflər vaxtaşırı qarşı tərəfin itkiləri ilə bağlı rəqəmləri paylaşıblar. Əlbəttə, bu rəqəmlərin 100 faiz doğru olduğunu söyləmək çətin olsa da, amma hər halda kifayət qədər ciddi itkilərin olduğunu görmək mümkündür. Rusiya da Ukraynanın açıqladığı kimi rəqəmlər açıqlayır. Eyni zamanda, hibrid bir müharibədir. Həm siyasi savaş, informasiya savaşı, həm də psixoloji savaş, diplomatik savaş gedir, yəni çox yol ilə aparılan savaşdır. Bu baxımdan bu cür rəqəmlərin səsləndirilməsi də tərəflərin mövqelərini ifadə etməsi də başa düşüləndir. İtkilərin sayının çox olması savaşa o yöndən təsir göstərir ki, artıq quru savaşları savaşın ilk dönəmində olduğu kimi ciddi əhəmiyyət kəsb etmir. Doğrudur, bu o demək deyil ki, quru əməliyyatlar dayanıb”.
Həmçinin o bunu da qeyd edib ki, artıq son bir ildə Rusiyanın işğal etdiyi ərazilərin sahəsi kifayət qədər kiçikdir və savaş faktiki olaraq sürünən bir mərhələyə daxil olub və tərəflərin bir-birini tükəndirmə siyasəti həyata keçilir:
“ Bu itkilər Rusiyanın davranışında hansısa dəyişikliklərə səbəb olacağı düşünülmür. Ümumiyyətlə tarixən insan itkiləri Rusiya üçün çox da önəmli bir məsələ sayılmayıb. Canlı qüvvə itkisi Rusiya hərb tarixində hər zaman birinci yox, sonrakı yerlərdən birini tutub, önəmli olan ərazini işğal etməkdir. İtki sayı ikinci plana keçib. O baxımdan Rusiyanın davranışlarına diqqət etdikdə görünür ki, Rusiya savaşının davam etdirilməsi Ukraynanın əgər savaş duracaqsa tam şəkildə təslim olunmasını istəyir ki, bu da Ukrayna vasitəsilə qəbul olunmur və Ukraynada savaşı davam etdirmək əzmini ortaya qoyur. Ümumiyyətlə, bu itkilər, dağıntılar və savaşın son aylarda daha amansız formaya keçməsi, hal alması əlbəttə ki, beynəlxalq ictimaiyyətdə kifayət qədər narahatlıq yaradır və son aylar Rusiya PUA-ları Avropanın bir çox ölkələrinin NATO üzvü olub, həmin ölkələrin Polşa, Rumıniya, Estoniya, Almaniya, Norveç, Danimarka hava sahələrini pozublar. Bu da kifayət qədər ciddi şəkildə beynəlxalq gərginliyi artıran amildir və beynəlxalq ictimai rəy Rusiyanı işğalcı statusunda qəbul edir”.
Cavahir Əsgərbəyli