"15dəqiqəlik şəhər" modeli: Şəhər həyatında yeni mərhələ
Azərbaycanda bəzi ərazilərdə "15 dəqiqəlik şəhər" konsepsiyasının tətbiqi nəzərdə tutulur. Bu modelə əsasən, sakinlər gündəlik ehtiyaclarını - alış-veriş, təhsil, səhiyyə, iş və istirahət kimi əsas xidmətləri yaşadıqları ərazidən uzaqlaşmadan, maksimum 15 dəqiqə ərzində qarşılaya biləcəklər. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma nəqliyyat sıxlığını azaldacaq, ekoloji tarazlığı qoruyacaq və şəhər həyatının keyfiyyətini artıracaq.
Mövzu ilə bağlı olaraq "İnformator.az"a açıqlamasında şəhərsalma eksperti Aytəkin İmanova bildirib ki, strateji planlama elmi əsaslara və geniş ekspert iştirakı ilə aparılmalıdır, kosmetik dəyişikliklər kifayət deyil:
"Şəhər planlaşdırılması tənzimlənən ən çətin sahələrdən biridir. Bu sahədə onlarla elmi biliklərin cəlb edilməsi, böyük təcrübə və müxtəlif paralel müqayisələrin aparılması tələb olunur. Bütün ciddi planlaşdırma öz kökündə elmi əsaslara söykənməlidir: rəqəmlər, statistika, etalonlar, normativlər, standartlar, indikatorlar və s. Ölkəmizdə bir tərəfdən bütün sahələrdə aşırı mərkəzləşmə, digər tərəfdən isə pərakəndəlik mövcuddur. Ayrı-ayrı rəhbər vəzifələrdə olan şəxslərin subyektiv mülahizələri də prosesə təsir edir.
Ümumiyyətlə, şəhər sakinləri üçün önəmli məsələlərdə onların rəyi nəzərə alınmalı və geniş ictimai müzakirələr təşkil olunmalıdır. Təəssüf ki, müasir təcrübədə bu yoxdur, insanların fikri nəzərə alınmır, onların əvəzinə qərarlar qəbul edilir.
Təklif olunan konsepsiyaya gəlincə, bu, güya kiminsə icadı və ya yenilənməsi deyil. Tarixən şəhərlər məhəllə prinsipi üzrə qurulub. Eyni prinsiplər Şərq şəhərlərində də mövcuddur: məhəllənin mərkəzində meydan, adətən ticarət mərkəzi, həmçinin hər məhəllədə hökmən hamam, məscid, mədrəsə və insanların gündəlik həyatı üçün tələb olunan bütün zəruri xidmətlər təmin olunurdu. İstər 15 dəqiqəlik, istərsə də 20 dəqiqəlik məsafələr nəzərdə tutulması fərq etmir.
İndiki Bakıda bu mümkündürmü? Orta hesabla, yalnız yeni tikiləcək ərazilərdə mümkündür. Son 20 ildə paytaxtda aşırı xaotik, normativ və standartlara əməl olunmadan, başıpozuq tikinti bumu müşahidə olunub. Keçmiş məhəllə formatında mövcud olan şəhər əraziləri darmadağın edilib, yeni tikintilərin ətrafında isə infrastruktur hətta cari, zəruri keçidlər üçün də təmin edilməyib.
Yeni tikintilər və yolların genişlənməsi üçün Bakı küçələrində yetişməsi çətin olan yaşıllıqlar məhv edilib, çox sayda tarixi və mədəniyyət abidəsi dağıdılıb. Təxminən 2006-cı ildən bəri büdcəyə daxil olan yeni neft vəsaitlərinin böyük hissəsi tikinti-söküntü işlərinə sərf olunub. O zamandan abidələrin və yaşıllıqların sıradan çıxmasının qarşısını qismən almaq üçün ictimai kampaniyalar apardıq və monitorinqlər keçirdik.
On illər ərzində onlarla müsahibə, ictimai dinləmələr, dəyirmi masalar, məqalələr və bir çox ekspertin cəlbi ilə apardığımız araşdırmaların ən ciddi qənaəti budur ki, paytaxtda kütləvi yeni tikililərə moratoriy qoyulmalı və dayandırılmalıdır.
Bakı ciddi zəlzələ zonasında yerləşir və dəniz kənarında olduğu üçün bütün yeraltı çaylar dənizə axarkən torpaq laylarının dərin qazıntı işləri nəticəsində zədələnir, yeraltı suların axını dəyişir və əvvəllər heç vaxt su basma olmayan ərazilərdə yeraltı sular ortaya çıxır. Şəhərin həm zəlzələ, həm sürüşmə və çökmə zonası olması səbəbindən kütləvi tikintilər zamanı böyük çatlar, yer uçqunları və sürüşmələr baş verir.
Buna əlavə olaraq, ərazinin yüz illər boyu neft və qaz zonası olması yeraltında xeyli boşluqlar, boş neft quyuları və boş buruqların mövcudluğunu göstərir. Nəzəri və elmi geoloji tədqiqatlar aparılmadan geniş miqyasda yer səthinə müdaxilə edilməsinin qarşısı alınmasa, bu, ciddi fəsadlar törədə və qəza vəziyyətləri yarada bilər.
Biz rəsmi qurumlara da bu qənaətimizi və tövsiyələrimizi göndərdik. Bu işlər pərakəndə və iradəvi şəkildə görülə bilməz. Əsas vurğu burada strateji məsələlərdədir: Bakı ən təhlükəli zonada yerləşir, Xəzər dənizinin sahilində və bildiyimiz, həmçinin bilmədiyimiz hərbi qüvvələrin əlçatan məsafəsindədir. Bakı, Apşeron yarımadasında, üç tərəfdən su ilə əhatələnib.
Rəqəmləri nəzərə alanda görürük ki, ölkənin ticarətinin, iqtisadiyyatının və vergi ödəyicilərinin böyük hissəsi təxminən 90%-i paytaxtla məhdudlaşır. Bu, ciddi planlaşdırma defektidir və böyük təhlükə yaradır. Ölkə yalnız paytaxtdan ibarət ola bilməz.
Bunu düzəltmək və riskləri aradan qaldırmaq əvəzinə, bəzi obyektlərin və xidmətlərin mərkəzdən kənarlaşdırılması, ayrı-ayrı sahələr üzrə peyk şəhərlərin yaradılması, regionların gücləndirilməsi və ölkə ərazisinin iqtisadiyyat, elm, tədris, təhsil, ticarət və digər sahələr üzrə mümkün qədər bərabər paylaşdırılması əvəzinə biz nə görürük?
Bakı Baş planı anormal dərəcədə paytaxtın genişlənməsinə yönəldilib. Hətta mövcud olan yaşayış böhranını gözardı edərək, əhalinin sayını təxmini 4 milyona çatdırmaq planlanır. Bu heç bir məntiqə və sağlam düşüncəyə uyğun deyil. Mövcud çatışmazlıqları daha da dərinləşdirir və fəlakətli böhran yarada bilər. İnkişaf tendensiyalarından isə hələ danışmırıq".
Arzu Poladova
