2,7 milyon hesabda şübhəli əməliyyat riski
2023-cü ilin sonuna bank hesabı olmayan və fəaliyyəti dayandırılmamış hüquqi şəxslərin, onların təsisçi və direktorlarının bank əməliyyatlarına dair təhlillər aparılmış, nəticədə 34 fiziki şəxslə əlaqəli 10,9 milyon manat məbləğində əməliyyatlarla bağlı Dövlət Vergi Xidmətinə məlumat təqdim edilib.
Məsələ ilə bağlı Phd. coğrafiya və iqtisadçı ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Maliyyə Monitorinq Xidmətinin “kiçik məbləğli çoxsaylı əməliyyatlar” barədə xəbərdarlığı əslində təsadüfi deyil:
“Bu cür əməliyyatlar maliyyə sistemində ən çox rast gəlinən riskli mexanizmlərdən sayılır. Onların əsas təhlükəsi ondan ibarətdir ki, iri məbləğlər hissələrə bölünərək sistemdən keçirildiyi üçün nəzarət orqanlarının diqqətindən yayına bilir. Nəticədə həm pul yuyulması, həm də vergidən yayınma halları üçün əlverişli şərait yaranır. Məsələn, 2023-cü ilin sonunda aparılan təhlillər göstərib ki, cəmi 34 fiziki şəxsin əməliyyatları ilə bağlı 10,9 milyon manatlıq şübhəli tranzaksiya aşkarlanıb və bu barədə Dövlət Vergi Xidmətinə məlumat ötürülüb. Bu, miqyasın nə qədər ciddi olduğunu göstərən açıq göstəricidir. Beynəlxalq Valyuta Fondu hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 2–5 faizi pul yuyulması ilə bağlı ola bilər. Azərbaycanın 2023-cü ildə ÜDM-i 115 milyard manata yaxın olub. Bu hesablamanı tətbiq etdikdə, potensial riskin həcmi 2,3–5,7 milyard manat aralığında qiymətləndirilə bilər. Kiçik məbləğli əməliyyatların artması Azərbaycanın maliyyə təhlükəsizliyinə də təsirsiz ötüşməz. Əvvəla, beynəlxalq reytinqlərdə ölkənin mövqeyi zəifləyə bilər. FATF (Financial Action Task Force – Pul yuyulmasına qarşı beynəlxalq təşkilat) kimi beynəlxalq təşkilatların hesabatlarında zəif nəticələr Azərbaycanın “boz siyahı”ya düşməsi riskini yaradar. Bu isə maliyyə bazarlarına çıxışı çətinləşdirər, bank sektorunun beynəlxalq əməliyyatlarında əlavə nəzarət və blokajlarla üzləşməsinə səbəb olar. Digər tərəfdən, vergi yayınması daha da dərinləşər. Əgər ölkədə 2,7 milyon nəfərin hesabında çoxsaylı kiçik əməliyyatlar aparıldığı nəzərə alınsa və onların cəmi 5 faizində vergi yayınması olduğunu fərz etsək, bu, təxminən 135 min nəfər edir. Əgər orta hesabla hərəsi 5 min manatlıq vergidən yayınsa, dövlət büdcəsi təxminən 675 milyon manat itki ilə üzləşə bilər. Bundan əlavə, bu tip əməliyyatların çoxalması bank sektoruna inamı azaldar. Tarixdə buna oxşar vəziyyət yaşanıb – 2015–2016-cı illərdə bank böhranı dövründə beynəlxalq maliyyə qurumlarının etimadının zəifləməsi nəticəsində ölkədən 9 milyard dollara yaxın kapital çıxışı qeydə alınmışdı".
İqtisadçı onu da gündəlik kiçik əməliyyatlarının məhdudlaşdırılması məsələsinə də toxunub:
"Bank müştərilərinin gündəlik kiçik əməliyyatlarının məhdudlaşdırılması məsələsinə gəldikdə isə burada sadə vətəndaşlar üçün heç bir təhlükə və ya məhdudiyyət nəzərdə tutulmur. İnsanların kommunal ödənişləri, mağaza alış-verişləri, onlayn xidmətlərə abunə haqları və ya kartdan kiçik köçürmələri iqtisadi dövriyyənin təməl hissəsidir və onların məhdudlaşdırılması mümkün deyil. Nəzarət yalnız şübhəli modellərə yönəlir. Məsələn, fəaliyyəti dayandırılmış şirkətin hesabından bir ay ərzində minlərlə dəfə eyni məbləğdə köçürmələrin həyata keçirilməsi, yaxud qısa zaman kəsiyində bir kartdan yüzlərlə təkrarlanan əməliyyatların aparılması diqqətə alınır. Banklar artıq beynəlxalq AML/CFT (pul yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı) standartlarına uyğun xüsusi monitorinq sistemləri tətbiq edir və şübhəli əməliyyatları avtomatik filtrdən keçirirlər. Bu səbəbdən sadə vətəndaşların gündəlik əməliyyatları tamamilə təhlükəsizdir, nəzarət isə yalnız riskli kateqoriyalara tətbiq olunur".
Nəzrin Nəsirova
