2026-cı il seçkilərinin sülh prosesi üçün vacibliyi
Azərbaycan və Ermənistan arasında gərginlikli ortamda Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərin sülhün möhkəmlənməsi baxımından həlledici olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov “İnformator.az”a bildirib ki, Ermənistanın 2026-cı il seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyən edəcək əsas mərhələdir:
“Ola bilsin ki, bu seçkilər planlaşdırıldığı vaxtda, yaxud da növbədənkənar keçiriləcək. Əsas məsələ Paşinyanın artıq siyasi rəqiblərinin əksəriyyətini zəiflətməsidir. Bu, onun üçün daha rahat siyasi mühit yaradır. Seçkilərdən sonra Paşinyan hökumətinin həm xarici siyasətdə, həm də Azərbaycanla münasibətlərdə daha praqmatik və real addımlar atacağı gözlənilir. Ermənistan cəmiyyətində 44 günlük müharibədən əvvəl işğal siyasətinə dəstək daha güclü idi, lakin müharibədən sonra ictimai rəy dəyişib və sülhə üstünlük verənlərin sayı artıb. Bu gün Ermənistan ictimaiyyətinin böyük hissəsi yeni müharibənin ölkə üçün fəlakət gətirəcəyini anlayır. Kim hakimiyyətə gəlirsə-gəlsin, əgər o, sülh prosesinə qarşı çıxsa, bu, təkcə Ermənistanın deyil, ümumilikdə Cənubi Qafqazda sabitliyin mövcudluğunu təhlükə altına alar. Paşinyan hökuməti üçün əsas məqsəd regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsidir. Bu, həm Ermənistanın təcrid vəziyyətindən çıxmasına, həm də regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edə bilər”.
Fatimə Hüseynli
