206 medal və yeni layihələr: Azərbaycan idmanında inkişaf mərhələsi
Azərbaycan idmançıları iyul ayında iştirak etdikləri beynəlxalq yarışlarda ümumilikdə 206 medal qazanıblar. Bununla yanaşı, Bakıda güləş üzrə U-17 dünya çempionatı təşkil olunub, "Sağlam məhəllə" layihəsi çərçivəsində istifadəyə verilən idman zonalarının sayı isə 26-ya çatıb. Bu göstəricilər ölkədə idmanın inkişafı və əldə olunan nəticələrin qiymətləndirilməsini aktuallaşdırır.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, peşəkar idmançılar məhz məhəllələrdən yetişir:
"Gənclər və İdman Nazirliyinin, o cümlədən nazir Fərid Qayıbovun göstərdiyi xidmətləri və gördüyü işləri ancaq müsbət qiymətləndirmək olar. Qazanılan uğurlarda nazirliyin böyük payı var. Qurumun sistemli fəaliyyəti və düzgün yanaşması əldə olunan nəticələrin birbaşa göstəricisidir. Əsas məsələ medalsa da, vacib olan qurulan sistem və qoyulan təməldir. Bu təməl nə qədər sağlam olsa, medalların sayı da, keyfiyyəti də bir o qədər yüksək olacaq.
Bugünkü göstəricilər təsadüfi deyil. Qısa müddət ərzində əldə olunan bu nəticələr Azərbaycan idmanında yeni bir intibah dövrünün başladığını göstərir. Pandemiya səbəbindən müəyyən durğunluq yaransa da, idmanımız yenidən dirçəlir. Son Paris Olimpiya Oyunlarında iki qızıl medal qazanıldı, bəzi finallarda isə təəssüf ki, məğlubiyyət qeydə alındı. Bütün bunları nəzərə alsaq, ciddiliklə iş aparıldığı aydın görünür.
"Sağlam Məhəllə" layihəsinə gəldikdə isə peşəkar idmançılar məhz məhəllələrdən yetişir. Məhəllələrdən neçə-neçə potensiallı idmançı çıxarsa, bu, Azərbaycan idmanına bir o qədər böyük töhfə olar. Hətta peşəkar klublar və mütəxəssislər də istedadlı oyunçuları məhz məhəllələrdən tapırlar.
"Sağlam Məhəllə" layihəsi çox faydalı və təqdirəalayiq bir təşəbbüsdür. Buradan yetişən idmançılar istər ölkə daxilində, istərsə də dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edə bilərlər. Bu cür idmançıların sayının artması böyük əhəmiyyət kəsb edir. Gənclər və İdman Nazirliyinin bu istiqamətdəki fəaliyyətinə yerli icra hakimiyyətləri, iş adamları və hər bir idmansevər dəstək olmalıdır ki, layihə daha geniş və mütəmadi xarakter alsın".
Samirə Allahverdizadə