28 May – Əhmədli metro xəttində təmir işləri
“28 May” – “Əhmədli” metro xəttində aparılacaq təmir işləri ilə bağlı Bakı Metropoliteni QSC rəsmi açıqlama yayıb. Təmirin əsas məqsədi “Qırmızı” və “Yaşıl” xətlərin texniki olaraq ayrılmasını təmin etmək, sərnişin axınını tənzimləmək və xidmət keyfiyyətini yüksəltməkdir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “İnformator.az”a bildirib ki, təmir çərçivəsində bir neçə xətt üzrə ciddi yeniliklər və texniki işlər həyata keçiriləcək:
“Hazırda mövcud xətlərdə aparılacaq bu yeniliklər sərnişindaşımada sürəti artıran və yüklənməni azaldan əsas amillərdən biridir. Əsas xüsusiyyətlərdən biri odur ki, “28 May” stansiyası yaxınlığında keçid stansiyası kimi fəaliyyət göstərən Həzi Aslanov–Dərnəgül və Həzi Aslanov–İçərişəhər xətləri üzrə qatarların hərəkət intervalında dəyişikliklər ediləcək. Bu dəyişikliklər, xüsusilə, pik saatlarda sərnişinlərin daha rahat hərəkətini təmin edəcək. Eyni zamanda Nizami stansiyasında hazırda yalnız bir giriş-çıxış tuneli fəaliyyət göstərir ki, bu da sərnişinlərin hərəkətində yüklənməyə və gecikmələrə səbəb olur. Təmir layihəsi çərçivəsində həmin tunelin ayrılması və əlavə keçid imkanlarının yaradılması nəzərdə tutulur. Bu dəyişikliklər nəticəsində sərnişinlər artıq İçərişəhər xəttinə aid olmayan hissələrdə gözləməyə məruz qalmayacaq və xətlərin iş prinsipi daha səmərəli olacaq. Bu da Bakı metropoliteninin infrastrukturunun müasirləşdirilməsi və sərnişinlərin rahatlığının artırılması istiqamətində mühüm bir addımdır”.
Fatimə Hüseynli
