30 ildən sonra ilk yük qatarı: Cənubi Qafqazda yeni iqtisadi mərhələ
Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycan üzərindən dəmir yolu yükdaşımalarının bərpasına görə təşəkkür edib. O bildirib ki, 1991-ci ildən sonra ilk dəfə yük qatarı tranzitlə Azərbaycandan keçərək Ermənistana çatıb.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, dəmir yolu yükdaşımalarının bərpası Cənubi Qafqazda uzun illərdir qapalı qalan iqtisadi kommunikasiya xətlərinin tədricən açılması baxımından mühüm hadisədir:
“Azərbaycan üzərindən tranzitlə Ermənistana yük qatarının getməsi faktı göstərir ki, regionda logistika və ticarət marşrutları yenidən formalaşmağa başlayır. Bu, ilk növbədə nəqliyyat xərclərinin azalmasına, ticarət dövriyyəsinin artmasına və region ölkələrinin beynəlxalq nəqliyyat dəhlizlərinə daha fəal inteqrasiyasına şərait yarada bilər. Eyni zamanda, bu cür addımlar Orta Dəhliz və digər regional nəqliyyat layihələrinin praktiki əhəmiyyətini artıraraq Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit məkan kimi rolunu gücləndirir. Siyasi baxımdan isə bu proses Azərbaycan-Ermənistan münasibətlərində müəyyən etimad mühitinin formalaşmasına təsir göstərə bilər. Ermənistan rəhbərliyinin bu addıma görə təşəkkür etməsi kommunikasiya məsələlərində praqmatik yanaşmanın gücləndiyini göstərir. Nəqliyyat əlaqələrinin açılması yalnız iqtisadi deyil, həm də siyasi sabitlik üçün mühüm amildir, çünki qarşılıqlı iqtisadi asılılıq münaqişə risklərini azaltmağa kömək edir. Uzunmüddətli perspektivdə isə regionda açıq kommunikasiya xətləri yeni ticarət marşrutları, tranzit gəlirləri və iqtisadi əməkdaşlıq imkanları yaradaraq Cənubi Qafqazın daha inteqrasiya olunmuş və sabit geosiyasi məkan kimi formalaşmasına töhfə verə bilər”.
Mələk Hüseynova