318 milyon insanın aclıqla üzləşəcəyi gözlənilir
2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.
Məlumatda çatışmazlıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.
Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu vəziyyət BMT üçün faciə sayılır:
“Bu, sadəcə dünyada xəstəliyi, sosial ədalətsizliyi və qeyri-bərabərliyi artırır. Bir tərəfdən, Amerika hər il kökəlmə probleminin qarşısını almaq üçün dietik proqramlara milyardlarla dollar xərcləyir. Digər tərəfdən isə on milyonlarla insanın gündəlik gəliri bir-iki dollardır.
Dünya əhalisinin bu vəziyyətdə olması BMT üçün faciədir. Qeyri-bərabərlik böyükdür. Bu, texniki baxımdan dünya üçün ciddi problem yaratmaya bilər, amma sosial ədalətsizlik, resursların bölüşdürülməsi baxımından insanlıq üçün bir faciədir”.
Lalə Qurbanlı
