8 avqust razılaşmaları Cənubi Qafqazda yeni oyun qaydalarını formalaşdırır
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib ki, Vaşinqton razılaşmaları regiondakı bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əldə olunan sənədlər Ermənistanın dövlət quruculuğu konsepsiyasının əsl təntənəsidir və həm Ermənistan, həm Azərbaycan, hətta ABŞ üçün uğur deməkdir.
Bu məsələyə siyasi şərhçi Kənan Novruzov “İnformator.az” a açıqlamasında münasibət bildirib:
"Ümumiyyətlə, 8 avqustda əldə olunan razılaşmalardan sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. Bu reallıq, təbii ki, bütövlükdə Cənubi Qafqazda oyun qaydalarını dəyişib, belə ki, münaqişə bağlanaraq sülh əldə olunub. De-fakto regiona sülh gəlib və Rusiyanın Cənubi Qafqaza təsir imkanları minimuma endirərək qarşılıqlı etimad mühiti formalaşdırıb. Azərbaycan və Ermənistan arasında yaranan bu yeni reallıq, eyni zamanda Ermənistan üçün də yeni səhifə açır. Çünki Ermənistan indiyədək Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilmiş və gələcəkdə hərbi poliqona çevrilmə ehtimalı da var. Başqa sözlə, Ukraynanın taleyini yaşaya bilərdi. Ancaq bu razılaşma ilə Rusiyanın Ermənistana mümkün müdaxiləsinin qarşısı alınıb. Çünki artıq ABŞ əgər Zəngəzur dəhlizinə nəzarət edirsə, Rusiya Ermənistana soxulmağa cəsarət etməz. Bir növ Ermənistanın təhlükəsizliyi də təmin olunub. Həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması Ermənistan üçün perspektivdə iqtisadi dividendlər vəd edir. Ermənistan iqtisadi baxımdan gücləndikcə, siyasi baxımdan da daha müstəqil olacaq. Bu baxımdan etiraf etmək lazımdır ki, 8 avqust razılaşması həm Azərbaycan, həm də Ermənistan üçün ciddi nəticələr yaradır.
Amma bundan sonra Ermənistan nə etməlidir? Əslində, Azərbaycan da buna şərait yaratmalıdır. İlk növbədə Ermənistan Konstitusiyasını dəyişməlidir. Çünki həmin sənəddə Azərbaycanın ərazilərinə iddialar var. Konstitusiya dəyişməli, daha sonra tərəflər arasında yekun sülh sazişi imzalanmalıdır, yəni yekun sülh sazişi imzalanandan sonra – prosesin bərkidilməsidir. Hətta o vaxta qədər İrəvan Bakı və Ankara ilə münasibətlərini daha da normallaşdırmağa çalışmalıdır. Razılaşmaq olar ki, ABŞ-də qazanıb.
ABŞ Cənubi Qafqaza gəlib və Ermənistanı özündən asılı vəziyyətə salmaqdadır. Ancaq bundan sonra elə etmək lazımdır ki, Bakı, Ankara və İrəvan birlikdə Vaşinqtonu tədricən regiondan uzaqlaşdırsın. Çünki bugünkü situasiya ABŞ-nin maraqlarına cavab verə bilər, amma gələcəkdə ABŞ yenə də öz maraqlarına uyğun olaraq regionda vəziyyəti qarışdırmağa cəhd edə bilər. Bu isə narahatedici məqamdır. Çünki indiki situasiyada Bakı, Vaşinqton və İrəvanın maraqları üst-üstə düşdüyünə görə 8 avqust razılaşması əldə olunub. Amma gələcəkdə ABŞ-nin Cənubi Qafqazda Ermənistana təsir imkanları çox olmamalıdır. Əks halda, maraqları tələb edəndə ABŞ yenidən regionda reallıqları dəyişməyə cəhd göstərə bilər. Buna görə də üç region dövləti – Türkiyə, Azərbaycan və Ermənistan (perspektivdə Gürcüstan da qoşula bilər) – birlikdə yeni reallıq yaratmalı, istənilən kənar qüvvənin, o cümlədən Rusiya və ABŞ-nin bu reallıqlara təsir imkanlarını məhdudlaşdırmalıdır".
Solmaz Muradova