AB Komissiyası yeni kəşfiyyat qurumu yaratmağı nəzərdən keçirir
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Balazs Uyvari dünyada “çətin geosiyasi və geo-iqtisadi mühit”in mövcud olduğunu bildirərək, bu kontekstdə təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirmələri lazım gəldiyini vurğulayıb və yeni bir kəşfiyyat qurumu yaratmağı nəzərdən keçirdiklərini açıqlayıb.
Uyvari Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Avropa İttifaqı (Aİ) Komissiyasının nəzərdən keçirdiyi yeni kəşfiyyat qurumu barədə açıqlamalar verib.
O bildirib ki, yeni qurumun yaradılması məsələsi hələ ilkin mərhələdədir, buna görə də əlavə məlumat paylaşa bilməz. Uyvari deyib: “Çətin geosiyasi və geo-iqtisadi şəraitdəyik və Aİ Komissiyası buna görə təhlükəsizlik və kəşfiyyat qabiliyyətlərini necə gücləndirə biləcəyini araşdırır”.
Uyvarinin sözlərinə görə, Komissiyanın dəyərləndirdiyi addımlar arasında Baş Katiblik nəzdində yeni bir kəşfiyyat qurumunun yaradılması da var. O əlavə edib ki, bu qurum mövcud mütəxəssis bazasına əsaslanacaq və Aİ səviyyəsində təhlükəsizlik təlimi və koordinasiyasını təmin edən institutların fəaliyyətində mühüm rol oynayacaq.
Həmçinin Uyvari bildirib ki, sözügedən qurum Aİ Komissiyasının Təhlükəsizlik İdarəsinin fəaliyyətini “tamamlayıcı” xarakter daşıyacaq və Aİ Xarici Əlaqələr Xidmətinin (EEAS) təhlükəsizliklə bağlı bölmələri ilə sıx əməkdaşlıq edəcək.
Uyvari vurğulayıb ki, dünya dəyişir və Aİ bu səbəbdən öz təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirməlidir. Yeni qurum ideyası da məhz bu kontekstdə qiymətləndirilir.
Aİ Komissiyasının baş sözçüsü Paula Pinyu isə bildirib ki, yeni kəşfiyyat qurumunun “çox kiçik” olması planlaşdırılır.
TRT XƏBƏR
Lalə Qurbanlı