“AB ölkələrinin Rusiya ilə birbaşa müharibəyə girməsi mümkünsüzdür”
“Əgər Avropa ölkələri Ukrayna konfliktinə son qoyub, Rusiya ilə sülh əldə edə bilməsə, o zaman elə birbaşa müharibəyə girib, hər şeyi itirəcəklər”,- deyə fransalı siyasətçi, publisist, keçmiş nazir Lyuk Ferri deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyi müharibəni dayandırması üçün sadəcə olaraq yumşaq güc siyasətindən istifadə edə bilər:
“Yəni Rusiyaya qarşı aktiv sanksiya siyasəti həyata keçirə bilər. Birbaşa Avropa Birliyi ölkələrinin birlikdə və yaxud da ki, tək şəkildə Rusiyaya qarşı müharibə elan etməsi real görünmür. İndiki halda Avropanın özünün təhlükəsizliyi ilə bağlı çox ciddi şəkildə problemlər var. O üzə çıxıb ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı heç də müstəqil siyasi güc deyil. ABŞ-dən tam aslı vəziyyətdədir. “NATO”nun əsas gücünü məhz elə ABŞ və Türkiyə təşkil edir. Yəni Avropa Birliyi ölkələri bu baxımdan hərbi cəhətdən hazırda ciddi şəkildə böhran keçirir. Belə bir anda eyni zamanda təhlükəsizlik cəhətindən onların Rusiya ilə müharibəyə girməsi ehtimalları çox zəif görünür. Ümumilikdə müharibənin baş verməsi istər-istəməz NATO və Rusiya toqquşmasına gətirib çıxara bilər. Bu da hər iki tərəf üçün arzu olunan deyil. Yəni bu dünyadakı qırmızı xətlərin keçirilməsidir. İndiki halda Avropanın əksər dövlətlərin Ukranya münaqişəsinin həll olunması sərf edir. Onlar ümid edirlər ki, Ukraynadakı münaqişə həll edilsin. Artıq Avropa Birliyi ölkələri özünə gəlsinlər. Çünki Ukrayna müharibəsindən bağlı çox ciddi şəkildə resurs itkisini məruz qalıblar. Faktiki olaraq demək olar ki, Avropa Birliyi ölkələrinin bütün əhəmiyyətli resursları məhz bu müharibəyə gedib. Buna görə də hansısa bir formada müdaxilə edəcəkləri gözlənilmir. Sanksiya siyasəti həyata keçiriləcək. Sülh müqaviləsi imzalandıqdan sonra artıq münasibətlərin tənzimlənməsi istiqamətində yenidən addımlar atılacaq”.
Nuray Əliyeva
