AB Ukrayna üçün plan hazırlayır
“Politiko” məlumat yayıb ki, Avropa Birliyi dekabr ayında Lvovda keçiriləcək sammitdə Ukraynanın bloka qoşulması məsələsini müzakirə etməyi planlaşdırır.
“Brüssel Ukrayna və Moldovanın AB-yə qoşulmaqla bağlı irəliləyişləri üçün yeni plan hazırlayır. Plana əsasən, Ukrayna və Moldovanın rəsmi AB təsdiqini gözləmədən üzvlük üçün zəruri olan praktiki islahatlar üzərində işləməyə başlayacaq və bununla da Macarıstanın veto hüququndan yayınacaqlar. AB Baş nazir Viktor Orbanın partiyasının apreldə keçiriləcək parlament seçkilərində uduzacağı təqdirdə Macarıstanın veto hüququnu ləğv etməyə ümid edir”,- məlumatda qeyd olunub.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, AB Ukrayna üzvlüyünə müsbət yanaşsa, veto məsələsi də həll oluna bilər:
“Hər bir halda Avropa Birliyinin Ukrayna ilə bağlı bu cəhdləri problemdən çıxış yolu kimi təqdim olunur. Ukraynanın birbaşa AB-yə üzvlüyünə etirazlar və müəyyən maneələr olduğu üçün bu üsul irəli sürülüb. Təbii ki, müharibə yolu ilə Rusiyanı ram etmək mümkün olmadıqca sülh də uzaq görünür. Hətta atəşkəs danışıqları belə ya baş tutmur ya da nəticə vermir. Əgər AB Ukraynanın üzvlüyə qəbuluna müsbət yanaşarsa, Macarıstanın veto qoymaq məsələsi də həllini tapa bilər. Viktor Orbanın partiyasının apreldə keçiriləcək parlament seçkilərində uduzacağı zəif ehtimaldır. Lakin Ukrayna ilə bağlı qərara Macarıstanın yenidən baxması ehtimalı daha yüksəkdir. AB-nin Ukrayna və Moldovanın birliyə üzvlük məsələsinə baxmasına Macarıstanın maneə yaratmasının qarşısını digər diplomatik yollarla almağı ola bilsin bir daha sınaqdan keçirsinlər. Çünki əgər belə bir plan varsa, onu sürətləndirmək üçün hətta Macarıstana təzyiq də göstərə bilərlər. Bu ona görə ola bilər ki, Rusiya-Ukrayna müharibəsində daha ağır mərhələ gələ bilər. Həmin mərhələdə Macarıstanın özü də təhlükə qarşısında qala bilər. Macarıstan və AB münasibətlərinin gərginlik həddinə çatmasına inanmıram. Lakin gərgin müzakirələr və siyasi polemikaların davam etməsi zəminində razılıq əldə edilməsinə qədər müəyyən vaxt itirilə bilər ki, bu da Rusiyanın xeyrinədir. Ümumiyyətlə, Ukrayna və Moldovanın AB-yə üzvlük məsələsi ciddiləşərsə, bunun nəticəsində də problemin həllinə ehtimallar yüksələrsə, Macarıstanda Orban iqtidarı ilə danışıqlar nəticə verməsə, Qərb seçkilərdə təsir vasitələrindən istifadə edə bilər ki, öz istəyinə nail olsun. Ancaq burada böyük maraqların toqquşması məsələsidir ki, Ukraynanın AB-yə üzv qəbul edilməsi Rusiyanı daha da aqressivləşdirəcək. Görünür ki, Rusiya-Ukrayna müharibəsinin daha gərgin və əhatəli mərhələsinə doğru planlar üzərində işlənilir. Hər halda bu, Rusiyaya təsir göstərmək üçün hələlik ortaya atılan, lakin reallaşmasına o qədər səy göstərilməyən plan da ola bilər. Necə ki, bir qədər əvvəl Rusiya nüvə sınaqlarının keçirilməsi haqda məlumat yayıb sonra onun reallaşmasını təxirə salıb. O cümlədən Ukrayna və Moldovanın AB-yə üzvlük məsələsinin gündəmə gətirilməsi də bu qəbildən ola bilər. Yox, əgər ciddi və qəti şəkildə bu planın reallığından söhbət gedirsə, AB Macarıstanın vetosundan yan keçərək bütün mümkün vasitələrdən istifadə etməklə məqsədinə nail ola bilər”.
Lalə Qurbanlı
