ABŞ Avropanı Rusiyanın "caynağından" belə xilas edib
ABŞ Avropa bazarlarına qaz tədarükündə Rusiyanı tamamilə əvəz etmək niyyətindədir, bunu ABŞ-nin enerji naziri Kristofer Rayt bildirib.Onun sözlərinə görə, Avropada tələbatda ciddi artım var.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, qaz məsələsi bu gün bütün dünyada, xüsusilə də Avropada çox aktualdır:
"Çünki iri qaz ixracatçıları sayca azdır: Rusiya, Özbəkistan, Türkmənistan, İran, Qətər, Əlcəzair, Misir, Nigeriya və s. Əsas problem qazın iri bazarlara çıxarılması və qiymət konjunkturasının kimlər üçün sərfəli olub-olmamasıdır. Ukrayna müharibəsinin başlanmasından sonra Avropa Rusiyayla bütün münasibətlərini, o cümlədən enerji əməkdaşlığını dayandırdı. Əvvəllər Rusiyadan ən çox faydalanan Almaniya, Fransa, Avstriya və digər Aİ ölkələri idi. Bu münasibətlərin kəsilməsi ilk növbədə ABŞ-nin maraqlarına xidmət etdi. ABŞ sıxılmış qaz və digər enerji resursları ilə Avropa bazarına daxil olaraq böyük qazanc əldə etdi. Rusiyaya qarşı artıq 19-cu sanksiya paketi hazırlanır. Bu şəraitdə ABŞ başa düşdü ki, Avropa enerji baxımından tam asılı vəziyyətdədir. Tramp da bundan istifadə edərək, bir tərəfdən guya Putinlə münasibətlər qurmağa çalışır, digər tərəfdən isə siyasi arenada iqtisadi təzyiq mexanizmlərini işə salır.Rusiya isə heç vaxt başqa dövlətlərin sözünə baxaraq müharibəni dayandırmaz. Kreml yalnız öz planına uyğun hərəkət edir. Avropanın öz enerji ehtiyatları demək olar ki, yoxdur. Ona görə də ABŞ vəziyyətdən ustalıqla istifadə edir. Tramp Avropaya təzyiqlərini artırır, çünki bilir ki, Avropa alternativsizdir.Digər tərəfdən, Zelenski də Avropanı inandırmağa çalışır ki, guya müharibəni davam etdirmək və hətta qələbə qazanmaq imkanına malikdir. Lakin bu daha çox PR xarakteri daşıyır. Çünki Rusiya həm resurs, həm də hərbi sənaye baxımından üstünlüyə malikdir. Əksinə, Polşa istiqamətində gərginliyin artması münaqişənin daha da genişlənməsi ehtimalını gücləndirir. Nəticədə qaz sahəsində Avropa–Rusiya münasibətlərinin pozulması ABŞ üçün əlverişli şərait yaratdı. Tramp da bunu öz siyasi və iqtisadi maraqları üçün istifadə edir. Müharibə nə qədər uzansa, ABŞ bir o qədər çox qazanacaq".
Qəmər Kazımzadə