00:00:00
Yazar
Admin User
29.10.2025 18:02 128 2 dəq oxuma
Siyasət

"ABŞ-Azərbaycan münasibətləri intensiv əməkdaşlıq dövrünə qədəm qoyur"

"ABŞ-Azərbaycan münasibətləri intensiv əməkdaşlıq dövrünə qədəm qoyur"

 

ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulur. Yaxın vaxtlarda fəaliyyətinə start veriləcək ABŞ-Azərbaycan Strateji İşçi Qrupu iki ölkə arasında regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsini hədəfləyir. Bu təşəbbüs, həmçinin Cənubi Qafqazda sabitliyin və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və ABŞ arasında 8 avqustdan sonra münasibətlərdə yeni mərhələnin başlandığını demək mümkündür:

 

"Həmin tarixdə əldə olunmuş razılaşmalara əsasən tərəflər strateji tərəfdaşlıq əlaqələrinin inkişafı məqsədilə Strateji İşçi Qruplarının yaradılması barədə qərar qəbul ediblər. Bu qruplara qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb və hazırda bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan-ABŞ münasibətləri çoxşaxəlidir və bu əməkdaşlıq enerji, logistika, ticarət və təhlükəsizlik sahələrini əhatə edir. Enerji təhlükəsizliyi iki ölkə arasında gündəmdə olan ən vacib məsələlərdən biri kimi ön plana çıxır. Enerji sahəsində Azərbaycan və ABŞ arasında əməkdaşlıq artıq 30 ildən çoxdur davam edir. Yeni mərhələdə bu əlaqələrin süni intellekt, texnoloji inkişaf və texniki əməkdaşlıq kimi müasir istiqamətləri də əhatə etməsi nəzərdə tutulur".

 

Həmçinin ekspert qeyd edib ki, Azərbaycan ABŞ investisiyalarının bölgəyə gəlməsində maraqlıdır və bu məsələ Strateji İşçi Qrupunun əsas müzakirə mövzularından biri olacaq:

 

"İşğaldan azad olunan ərazilərin bərpası, bu prosesdə Qərb şirkətlərinin iştirakı, eləcə də həmin bölgələrdə yaşıl enerji layihələrinin həyata keçirilməsi də gündəmdə duran əsas məsələlər sırasındadır. Bütün bu istiqamətlər fonunda ABŞ və Azərbaycan münasibətləri yeni, intensiv əməkdaşlıq mərhələsinə qədəm qoyur və bu, regionda sabitliyin və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək".


Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər