ABŞ-də 24 yaşlı qanunsuz miqrant saxlanılıb
ABŞ-nin Ohayo ştatında 24 yaşlı Venesuela vətəndaşı, ölkədə qanunsuz yaşayan Antoni Emmanuel Labrador Syerra, özünü 16 yaşlı məktəbli kimi təqdim edərək orta məktəbə daxil olmağa cəhd etdiyi üçün saxlanılıb. Məlumata görə, o, Perrisburq şəhərində yerləşən dövlət məktəbində təhsil alıb.
ABŞ Miqrasiya və Gömrük İdarəsi tərəfindən araşdırma aparıldıqdan sonra müəyyən edilib ki, Syerra əslində yetkin yaşlı bir şəxsdir və ABŞ-də qanunsuz yaşayır. O, saxta sənədlərdən istifadə edərək məktəbə daxil olduğu üçün dələduzluq ittihamı ilə həbs olunub.
Polis sənədlərində qeyd olunur ki, Labrador Syerra 2023-cü ilin noyabrında məktəbə verdiyi məlumatda Venesueladan qaçaq yollarla gətirildiyini və Perrisburqda yaşadığını bildirib. O, qeydiyyat zamanı özünü 16 yaşlı kimi təqdim edərək doğum şəhadətnaməsi kimi təqdim etdiyi sənədin orijinal olduğunu deyib və 2024-cü ilin yanvar ayında məktəbə qəbul olunub.
Bəzi mənbələrə görə, onun ata olduğu da ehtimal olunur, lakin övladının yaşı barədə məlumat verilmir.
ANEWZ
Gülhüseynova Güllər