ABŞ-də etiraz dalğası fonunda Milli Qvardiya geri çağırılır
Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində asayişi qorumaq üçün Milli Qvardiyanın yerləşdirilməsini dayandıracaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, Milli Qvardiyanın mövcudluğu cinayətkarlığın azalmasına səbəb olsa da, federal qüvvələr geri çəkilir. Onun sözlərinə görə, cinayətkarlıq yenidən artarsa, federal hakimiyyət daha sərt və həlledici şəkildə müdaxilə edə bilər. Prezident həmçinin Demokrat mer və qubernatorların bu qərarı istəməsini tənqid edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp administrasiyasının ABŞ-nin müxtəlif ştatlarına Milli Qvardiyanın yerləşdirilməsi iki önəmli səbəblə bağlı olub.
“Bunlardan birincisi, Trampın da dediyi kimi, cinayətkarlığın artması ilə əlaqədardır. Çünki doğrudan da ABŞ-də cinayətkarlıq halları yüksələn xətt üzrə inkişaf edir.
Digər önəmli səbəb isə — və bu səbəb hətta daha əsas hesab olunur — ABŞ-nin müxtəlif ştatlarında Tramp administrasiyasına qarşı çox ciddi etiraz dalğasının baş qaldırmasıdır. Tramp administrasiyasının ölkədaxili siyasi kursu əhalinin müxtəlif təbəqələri, xüsusilə də az təminatlı təbəqələr arasında ciddi narazılıq doğurub. Bu narazılıq dalğası kütləvi etiraz aksiyalarına çevrilib. Məhz buna görə də Tramp administrasiyası ölkənin müxtəlif bölgələrinə, ştatlarına Milli Qvardiyanı yerləşdirməklə kütləvi etiraz dalğasının qarşısını almağa çalışıb. Hazırda ABŞ əhalisi sosial, iqtisadi, humanitar və digər istiqamətlərdə atılan addımlardan ciddi şəkildə narazıdır. Tramp administrasiyası da bundan ciddi narahatlıq keçirir.
Üstəlik, ştatların rəhbərliyi Tramp administrasiyasının siyasi kursuna paralel mövqe tutmur. Əksinə, əksər hallarda ştat rəhbərləri Tramp administrasiyasını kəskin şəkildə tənqid edirlər. Ona görə də demək olar ki, federal hakimiyyətlə yerli hakimiyyət orqanları arasında müəyyən ziddiyyətlər mövcuddur. Bu baxımdan hesab etmək olar ki, Tramp administrasiyası hazırda ölkədə asayişin qorunması və hakimiyyət mövqelərinin daha da möhkəmləndirilməsi üçün müəyyən addımlar atmaq məcburiyyətindədir. Ancaq həm əhalinin narazılığının artması, həm də ştat rəhbərliyinin tənqid və təzyiqləri Tramp administrasiyasını müəyyən çərçivədə geri çəkilməyə də məcbur edib”.
Politoloq son olaraq açıqlamasında qeyd edib ki, etiraz dalğasının daha da genişlənməməsi üçün Milli Qvardiyanın ştatlardan çıxarılması, dislokasiya yerlərinə qaytarılması prosesi başlayıb:
“Bununla belə, Tramp sərt mesaj verir ki, əgər həm yerli hakimiyyət orqanları, həm də əhalinin müxtəlif təbəqələri etiraz dalğasını genişləndirərsə, yəni mərkəzi hakimiyyətə qarşı mövqelərini sərtləşdirərsə, o zaman Milli Qvardiya yenidən ştatlara göndərilə və daha sərt reaksiyalar verilə bilər. Prezident Tramp bunu cinayətkarlığın yenidən artma ehtimalı ilə izah etməyə çalışsa da, əslində Tramp administrasiyasını əsas narahat edən məsələ yerlərdə, yəni ştatlarda Tramp administrasiyasına qarşı formalaşan etiraz dalğasıdır. Bu isə onu göstərir ki, Ağ Ev də ABŞ-də mövcud olan vəziyyətdən ciddi narahatdır və yaxın vaxtlarda yenidən etiraz dalğasının baş verə biləcəyini istisna etmirlər. Məhz buna görə də yenidən güc tətbiqinə eyham vururlar”.

Ləman Mahmudlu
