ABŞ Dəməşqdəki hava bazasında hərbi mövcudluq yaratmağa hazırlaşır
Vəziyyətlə tanış olan altı mənbə bildirib ki, bu planlar İranın uzun müddətli müttəfiqi olan Bəşər Əsədin devrilməsindən sonra Dəməşqin ABŞ ilə əməkdaşlığa doğru strateji dəyişikliyini göstərir.
Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki,İran və Suriya arasındakı münasibətlərdə müşahidə olunan dinamika, ABŞ-nin bölgədəki hərbi mövcudluğu fonunda daha da gərginləşə bilər:
“ABŞ son zamanlar İranın mümkün hərbi hücum potensialını nəzərə alaraq Suriya ərazisindəki fəaliyyətlərini gücləndirməyə çalışır. Mümkündür ki, Vaşinqton İsraildən gələn silah və sursatların Suriya üzərindən yönləndirilməsinə dəstək verərək bu istiqamətdə strateji üstünlük əldə etməyə çalışır. Eyni zamanda, İsrail Suriya ərazisinin müəyyən hissələrinə nəzarəti saxlamaqla, gələcəkdə İrandan gələ biləcək təhlükələrə qarşı qorunmağa çalışır. Bu isə Suriya hökuməti ilə İran arasında münasibətlərin tam harmonik olmamasına səbəb olur. Paralel olaraq, ABŞ-nin İrana qarşı sərt mövqeyi də Tehran-Dəməşq əlaqələrində gərginlik yaradır. Suriya bir neçə dəfə bölgədə sülh təşəbbüsü irəli sürsə də, İsrailin sərhədləri pozması və ABŞ-nin bölgədə hərbi varlığını artırması vəziyyəti mürəkkəbləşdirir. ABŞ-nin əsas məqsədi Suriyaya faktiki nəzarət etməklə Yaxın Şərqin şərq hissəsində strateji üstünlük qazanmaq və digər ölkələrdən asılı olmadan hərbi əməliyyatlar həyata keçirməkdir. Hazırkı vəziyyət göstərir ki, Suriya faktiki olaraq İsrail və Türkiyə təsir dairələrinin toqquşduğu əraziyə çevrilib. Türkiyənin bölgədəki təsiri danılmaz olsa da, İsrailin Suriya ərazisinə vaxtaşırı müdaxilələri vəziyyəti balanssızlaşdırır. ABŞ-nin bölgədəki hərbi mövcudluğu isə bu qüvvələr arasında balans yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu şəraitdə İsrailin Suriyanın yeni işğalına ehtiyacı qalmaya bilər və əgər ABŞ bölgədə sabitliyi təmin etsə, İsrailin geri çəkilməsi ehtimalı da mövcuddur. Digər tərəfdən, ABŞ-nin varlığı Türkiyənin İsrailə qarşı mümkün hərbi addımlarını da məhdudlaşdırır. Qeyd edilməlidir ki, Suriya rəhbərliyi bu yaxınlarda Rusiyaya səfəri zamanı Latakiya və Tartusdakı rus hərbi bazalarının qalması ilə bağlı razılıq əldə edib. ABŞ isə bölgədə beş yeni hərbi baza yaratmaq niyyətindədir ki, bu da faktiki olaraq Rusiyanın təsirini neytrallaşdırmaq məqsədi daşıyır. Bütün bunlar göstərir ki, ABŞ yenidən aktiv xarici siyasətə qayıdıb və xüsusilə Yaxın Şərqdə geosiyasi mövqelərini möhkəmləndirməyə çalışır. Əfqanıstandakı Baqram aviabazasından sonra Dəməşq ətrafında hərbi infrastrukturun qurulması da Vaşinqtonun bölgədə yeni mərhələdə fəaliyyətə başladığını göstərir”.
Cavahir Əsgərbəyli