ABŞ-dən diqqətçəkən açıqlama
ABŞ Prezidenti Tramp ilə Rusiya Prezidenti Putin arasında bu gün baş tutacaq telefon danışığı ərəfəsində Ağ Evdən diqqətçəkən bir açıqlama verilib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib: “Ukrayna mövzusunda çıxılmaz vəziyyət var. Əgər Rusiya sülhə maraqlı deyilsə, ‘Bu bizim müharibəmiz deyil’ deyə bilərik. Tramp münaqişələri dayandırmaq üçün bu gün Putinlə danışacaq".
Görüşdən əvvəl Kreml də açıqlama yayıb. Açıqlamada “Sülh üçün uzunmüddətli iş tələb olunur” ,- deyilib. Bundan əlavə, Kremlin sözçüsü Peskov ona ünvanlanan sual üzərinə Putin və Tramp arasında mümkün bir üzbəüz görüş üçün hazırda heç bir hazırlığın aparılmadığını bildirib.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın telefon danışığının bu gün Bakı vaxtı ilə saat 17:00-da baş tutmasının planlaşdırıldığını qeyd edən Peskov, görüşdə ötən həftə Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqların müzakirə olunacağını bildirib.
Peskov dünən Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunu da dəyərləndirərək, seçkinin “qəribə” olduğunu iddia edib və “Seçkini qazanmaq şansı olan və heç bir əsas olmadan yarışdan kənarlaşdırılan bir namizədin hekayəsini bilirik” ,- deyib. O, Fransa, İngiltərə və Almaniya kimi Avropa ölkələrinin digər ölkələrin daxili işlərinə müdaxilə etdiyini vurğulayıb.
Putinin çağırışından sonra Tramp da Zelenskiyə müraciət edərək danışıqlara qatılmasını istəməyib. Ukrayna rəhbərliyi bu çağırışa müsbət cavab verib. Zelenski çağırışa uyğun olaraq İstanbula gəlib; lakin Putin görüş üçün Türkiyəyə gəlməyərək bir heyət göndərib. Zelenski isə Putinin iştirak etməməsinə etiraz olaraq Türkiyəni tərk edib.
İstanbuldakı sülh danışıqlarından sonra danışan Ukraynanın müdafiə naziri Rüstəm Umerov, “Rusiya ilə qarşılıqlı olaraq 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlmişik”,- deyib. Rusiya heyəti isə “Görüşlərdən razıyıq. Rusiya və Ukrayna mümkün atəşkəsə dair baxışlarını ətraflı təqdim edəcək, daha sonra danışıqlar davam edəcək”,- açıqlamasını verib.
Haberler.com
Aygün Babayeva