ABŞ-dən İrana qarşı yeni sanksiyalar
ABŞ rəhbərliyi İranın müdafiə sənayesi üçün həssas avadanlıqların tədarükü və daşınmasını təmin etdikləri əsasına görə 1 nəfəri və 8 şirkəti sanksiya siyahısına salıb.
ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, İranın müdafiə sənayesi üçün həssas avadanlıqlar tədarük edən qurumlar hədəfə alınıb.
Açıqlamada qeyd olunub ki, İranın müdafiə sənayesi üçün həssas maşınların tədarükünü və daşınmasını təmin etdiklərinə görə 1 nəfərin və 8 şirkətin adı sanksiya siyahısına əlavə edilib.
Bundan əlavə, Honq Konq mərkəzli “Unico Shipping” şirkətinə məxsus bir gəminin də sanksiyaya məruz qaldığı bildirilib. Açıqlamada bu sanksiyaların məqsədinin İranın raket və digər silah imkanlarını inkişaf etdirməsinin qarşısını almaq, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onun nümayəndələrinin maliyyə resurslarına çıxışını məhdudlaşdırmaq olduğu vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən ABŞ Maliyyə Naziri Skott Bessent deyib: “ABŞ, rejimin ballistik raket, pilotsuz uçuş aparatları və qeyri-simmetrik silah proqramlarının əsasını təşkil edən həssas, ikili istifadəyə yararlı texnologiyaların, komponentlərin və maşınların İrana çatdırılması istiqamətindəki bütün səylərinin qarşısını almaqda qətiyyətlidir”.
Bessent əlavə edib ki, bu planlara dəstək verənlər məsuliyyətə cəlb olunacaq və ABŞ İranın regional sabitliyi və qlobal təhlükəsizliyi təhdid edən bu ölümcül silahları istehsal və yayma qabiliyyətini azaltmaqda davam edəcək.
TRT XƏBƏR
Lalə Qurbanlı