ABŞ-dən Suriya ilə bağlı mühüm qərar
ABŞ Suriyaya qarşı "Sezar Qanunu" çərçivəsində sanksiyaları dayandırıb, lakin Rusiya və İrana qarşı sanksiyaları qüvvədə saxlayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Suriyaya qarşı sanksiyaları aradan qaldırılması böyük ehtimal ki, Əhməd əş-Şaranın bu yaxınlarda Vaşinqtona etdiyi səfərlə bağlıdır:
“Bu səfər zamanda mühüm görüşlər əldə edilib, ABŞ və Suriya arasındakı münasibətlərin nizamlanması istiqamətində mühüm addımlar atılıb. Digər tərəfdən Amerika Birləşmiş Ştatları Suriya ilə müdafiə sənayesi sahəsində də əməkdaşlıq edəcək. Bu ABŞ-nin maraqlarına uyğundur, çünki Suriyada əsas hakimiyyəti dövründə İranın mövqeyi çox güclü olub, hazırda Suriya ərazisində Rusiyanın da hərbi bazaları var. Bu baxımdan düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının Suriyadakı mövqelərini möhkəmləndirilməsi bu Vaşinqtona kifayət qədər sərf edəcək amildir. Əhməd əş-Şara Vaşinqton ilə münasibətləri nizamlamaqla dünya birliyinə çıxış əldə edəcək, yəni faktiki olaraq beynəlxalq birlikdə öz mövqelərini möhkəmləndirəcək. Eyni zamanda enerji siyasəti ilə Vaşinqtonla aparılan əməkdaşlıq siyasəti Suriyanı dünya bazarına çıxarılması yönündə də mühüm töhfələr verəcək və ölkəyə investisiya axınının cəlb edilməsi istiqamətində mühüm addım ola bilər. Suriyanın hazırda ən böyük problemi ən böyük üç problemi var: qanunsuz silahlı birləşmələrin ölkə ərazisində məhv edilməsi, İsrail ilə münasibətlərin nizama salınması, tikinti sektorunun canlandırılmasıdır. Çünki Suriya vətəndaş müharibəsi dövründə xaraba vəziyyətinə qalıb və hazırda çox böyük tikinti tələb edir. Bu məsələlər həll olunduqdan sonra bunlar da ABŞ-nin dəstəyi ilə mümkündür. Buna görə Vaşinqton Şam, Dəməşq arasındakı münasibətlər hər iki tərəfə sərf edir və buna görə ABŞ sanksiyaları aradan götürüb".
Günel Əlili
