ABŞ Ermənistana 145 milyon dollar ayırır
ABŞ hökuməti Ermənistanın cənubunda yerləşən strateji nəqliyyat dəhlizi – “Tramp yolu”nun inkişafı üçün 145 milyon dollar həcmində maliyyə ayıracağını açıqlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında qeyd edib ki, “Tramp yolu” əslində region üçün çox ciddi geosiyasi əhəmiyyət daşıyan bir marşrutdur:
"Zəngəzur dəhlizinin idarəsi uğrunda uzun müddətdir Rusiya başda olmaqla böyük rəqabət aparılır və İran bu yolun açılmaması üçün müxtəlif səylər göstərib. Belə bir şəraitdə ABŞ və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, dəhlizin 99 il müddətinə Amerika Birləşmiş Ştatlarının istifadəsinə verilməsi bölgədəki digər güclərin mövqelərini zəiflədir və Vaşinqtonun təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. ABŞ-nin bu qədər böyük maliyyə dəstəyi göstərməsinin səbəbi sadəcə infrastrukturun qurulması və iqtisadiyyatın möhkəmləndirilməsi deyil, həm də sərhəd təhlükəsizliyinin təmin olunması və Ermənistanın Rusiyadan iqtisadi asılılığının azaldılması məqsədidir. Bu addım Cənubi Qafqazda güc balansının tədricən dəyişdiyini nümayiş etdirir. Dəhlizin Amerikanın xeyrinə həll olunması onu göstərir ki, bölgəyə artıq təkcə ABŞ sərmayəsi deyil, həm də təhlükəsizlik mexanizmləri gəlir və bu, Vaşinqtonun təsirini artırır. Bu proses davam etdikcə Cənubi Qafqazda geosiyasi tarazlıq yavaş-yavaş ABŞ-nin xeyrinə dəyişəcək. Amerikanın Ermənistana bu qədər ciddi maliyyə dəstəyi göstərməsinin əsas səbəblərindən biri də Ermənistanın Rusiyadan iqtisadi və siyasi asılılığını azaltmaq niyyətidir”.
Fatimə Hüseynli