ABŞ hərbi rəsmiləri Kiyevdə
ABŞ ordusunun yüksək rütbəli rəsmiləri Rusiyayla müharibənin bitirilməsi üzrə səyləri müzakirə etmək üçün Ukraynaya gəliblər. ABŞ ordusunun katibi Dan Driscollun rəhbərlik etdiyi nümayəndə heyəti cümə axşamı Ukraynanın baş naziri Yuliya Sviridenko ilə görüşüb. Gün ərzində prezident Volodimir Zelenski ilə də görüş planlaşdırılır.
Çərşənbə günü yayılan xəbərlərə əsasən, ABŞ və Rusiya müharibənin dayandırılması ilə bağlı yeni plan layihəsi hazırlayıb. Planın Ukraynadan ciddi güzəştlər, o cümlədən ərazilərdən imtina və ordunun kəskin şəkildə kiçildilməsini tələb etdiyi bildirilib. Sənədi ABŞ Prezidenti Donald Trampın elçisi Stiv Vitkoff və Rusiyanın xüsusi elçisi Kirill Dmitriyevin hazırladığı iddia olunur.
Nə Vaşinqton, nə də Moskva planı rəsmi olaraq təsdiqləyib. ABŞ dövlət katibi Marko Rubio X platformasında yazıb ki, “davamlı sülh üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə razılaşmalıdır”. O bildirib ki, ABŞ müharibənin bitməsi üçün mümkün ideyalar siyahısı üzərində çalışır.
Driscollun heyəti Tramp yanvarda vəzifəyə başladıqdan sonra Kiyevə səfər edən ən yüksək səviyyəli hərbi nümayəndə heyətidir. Onlarla birlikdə ABŞ Ordusunun qərargah rəisi general Rendi Corc, ABŞ-nin Avropadakı baş komandiri general Kris Donahyu və ordunun baş serjantı Maykl Veymer də səfərdədir.
Məlumata görə, 28 bənddən ibarət Witkoff–Dmitriyev planı Floridada keçirilən üç günlük görüşdən sonra hazırlanıb. Plan Donbasın Ukraynanın nəzarətində olan hissəsinin Rusiyaya verilməsini, Ukrayna ordusunun əhəmiyyətli dərəcədə azaldılmasını və silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutur. Zelenski isə dəfələrlə ərazi güzəştlərini istisna edib.
Dmitriyevin komandası iddialara cavab verməkdən imtina edib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-lə təmasların olduğunu bildirib, lakin “danışıqların və ya məsləhətləşmələrin” aparılmadığını vurğulayıb.
Avropa rəsmiləri prosesdən kənarda qalmalarının onları narahat etdiyini deyiblər. AB-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, hər hansı sülh planı Avropanın və Ukraynanın iştirakı olmadan mümkün deyil. Fransanın xarici işlər naziri Jan-Noel Barron isə deyib: “Ukraynalılar heç bir kapitulyasiya formasını qəbul etməyəcək”.
Planla bağlı xəbərlər Ukraynanın Ternopil şəhərinə edilmiş raket və dron hücumu nəticəsində ən azı 26 nəfərin öldüyü gün ortaya çıxıb.
ABŞ Ordusu sözçüsü bildirib ki, Driscollun səfərinin məqsədi sahədəki vəziyyətlə tanış olmaq və müharibənin dayandırılması yollarını müzakirə etməkdir. Ukraynalı rəsmilər səfər çərçivəsində mümkün atəşkəs variantlarının müzakirə olunacağını bildiriblər.
Rusiya daha əvvəl qoşunların hazırkı cəbhə xəttində dayanmasını, Ukraynanın neytrallığını və ordusunun məhdudlaşdırılmasını tələb edir. Kiyev bu şərtləri “kapitulyasiya” adlandırır.
Ağ Ev həmçinin bəyan edib ki, Ukrayna üzrə xüsusi elçi Kit Kellog yanvarda vəzifədən ayrılacaq. O, Ukrainaya dəstəyin əsas tərəfdarlarından hesab olunub.
BBC
Reyhan Quliyeva