“ABŞ-İran danışıqlarının davam etməsi hər iki tərəf üçün böyük uğurdur” -Politoloq
İsveçrədə İran və ABŞ arasında texniki danışıqlar davam edir. Bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Komandamızın böyük bir hissəsini orada qoyduq. İranlılar da öz nümayəndə heyətlərinin əhəmiyyətli hissəsini danışıqları davam etdirmək üçün İsveçrədə saxlayıblar”, - deyə o qeyd edib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasındakı danışıqların davam etməsi hər iki tərəf üçün mühüm uğurdur və bu prosesdə vasitəçilərin də böyük əməyi var:
“Uzun müddətdir ki, Pakistan bu prosesdə vasitəçilik edir. Məsələ olduqca mürəkkəbdir və tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, problemlərin həlli istiqamətində müəyyən irəliləyiş əldə olunub. Lakin müzakirə olunan bir sıra məsələlər hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıdığından razılığın əldə olunması kifayət qədər çətinləşir.Bunlardan biri zənginləşdirilmiş uran ehtiyatları məsələsidir. Məlum olduğu kimi, İranın əlində təxminən 500 kiloqram zənginləşdirilmiş uran ehtiyatı olduğu bildirilir və onun gələcək taleyi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. ABŞ bu ehtiyatın beynəlxalq ictimaiyyətin nəzarəti və razılığı əsasında bölüşdürülməsinin tərəfdarıdır. İran isə bu təkliflə razılaşmır və urandan enerji məqsədləri üçün müstəqil şəkildə istifadə edəcəyini bildirir.Eyni zamanda, Hörmüz boğazının gələcək statusu ilə bağlı da fikir ayrılığı qalır. İran boğaz üzərində nəzarətin özündə saxlanılmasında israrlıdır. ABŞ isə beynəlxalq nəzarət mexanizmlərinin tətbiq olunmasını dəstəkləyir.Bundan başqa, proksi qüvvələrlə bağlı məsələ də açıq olaraq qalır. Məhz bu kimi səbəblərdən tərəflər arasında hər hansı razılaşmanın əldə olunması kifayət qədər mürəkkəb görünür. Danışıqların davam etməsi ümumi nəticəyə yaxınlaşmağa kömək etsə də, bütün problemləri əhatə edən yekun razılaşmanın qısa müddətdə əldə olunacağını düşünmürəm”.
Günel Əlili