00:00:00
Yazar
Aysel Mirzəyeva
02.03.2026 21:55 26 2 dəq oxuma
Siyasət

ABŞ-İsrail-İran qarşıdurmasında Azərbaycan üçün geosiyasi reallıqlar nələrdir?

ABŞ-İsrail-İran qarşıdurmasında Azərbaycan üçün geosiyasi reallıqlar nələrdir?

ABŞ-İsrail-İran arasında davam edən hərbi qarşıdurma Yaxın Şərqdə və regionda ciddi narahatlıq doğurur. Baş verən proseslər fonunda Azərbaycanın mövqeyi və rəsmi Bakının verdiyi mesajlar diqqət mərkəzindədir. Azərbaycan tərəfi regional sabitliyin qorunması və gərginliyin artmaması prinsipindən çıxış edir.

 

Mövzu ilə bağlı politoloq Fuad Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, İranla qonşuluq amili çox vacibdir:

 

“Cənub qonşumuzdur və Azərbaycan hakimiyyəti bunu nəzərə alaraq İrana başsağlığı göndərib. İran qarşısında öz mövqeyini bu şəkildə bildirmiş oldu. İranda hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, istər şahın varisləri, istər Əli Xamenie xələfi, istərsə də demokratik qüvvələr, orada yaşayan 30 milyonluq azərbaycanlı əhalini İranın yeni hökuməti özünə bir təhdid saya bilər. Ölkəsinin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi görə bilər. Azərbaycan bunu nəzərə almalıdır. Nəzərə almalıdır ki, İran hər zaman Azərbaycana öz torpağı kimi baxır. Yaddan çıxartmayaq ki, Türkmənçay müqaviləsinə görə Azərbaycan iki yerə parçalanıb. O vaxt Rusiya imperiyasına gedən Şimali Azərbaycan Araz çayı boyunca indi həm İranın, həm də Rusiyanın diqqət mərkəzindədir. Rusiya Ukraynada müharibə aparır, İran isə İsraillə qarşıdurma yaşayır. İsrail-Amerika tandeminin İrana qarşı apardığı müharibə, eləcə də Rusiyanın Ukraynaya qarşı apardığı müharibə regionu dönüş nöqtəsinə gətirə bilər”.

 

Politoloq qeyd edib ki, Rusiya bir tərəfdən Azərbaycanı öz təsir dairəsinə salmağa çalışa bilər:

 

“İran da digər tərəfdən, əgər Amerika və İsrail tandeminə qalib gələrsə, güc tətbiq etməklə ətrafdakı dövlətlərə təzyiq göstərə, hətta onları anneksiya etməyə cəhd edə bilər. Azərbaycan da istisna deyil. Ona görə Azərbaycan bu vəziyyətdə ilk növbədə balanslaşdırılmış siyasət aparmalıdır. nəzərə alaraq Türkiyəni əsas müttəfiqi kimi ön planda saxlamalıdır. Digər tərəfdən isə Rusiya, Amerika, Avropa, İsrail bu aktorların hamısı ilə balanslaşdırılmış siyasət aparmaq lazımdır. Azərbaycanın silahlı qüvvələri nə qədər güclü olsa da, suverenliyi nə qədər toxunulmaz olsa da, bugünkü dünyada nə qanun, nə beynəlxalq hüquq, nə də digər anlayışlar tam işləkdir. Bu gün dünyada əsas amil gücdür. Kim güclüdürsə, o haqlıdır. Ona görə balanslaşdırılmış siyasətimiz suverenliyimizi qorumağa yönəlməlidir”.


Nuray Əliyeva

#nələrdir? #baki #azərbaycan #geosiyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər