00:00:00
Yazar
Admin User
26.05.2025 15:05 177 2 dəq oxuma
Dünya

ABŞ-İsrail münasibətləri gərgin fonunda yeni mərhələyə keçir

ABŞ-İsrail münasibətləri gərgin fonunda yeni mərhələyə keçir

Tramp ABŞ Daxili Təhlükəsizlik Nazirini Vaşinqtonda diplomatların öldürülməsindən sonra İsrailə göndərir.

 

Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Naziri Kristi Noem, İsrail səfirliyinin iki əməkdaşının ABŞ paytaxtında qətlə yetirilməsindən sonra bazar günü Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan İsrailə səfər edəcək.

 

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-də İsrail diplomatlarına qarşı baş vermiş bu hadisə ürəkaçan deyil:

 

“Bu hadisə Amerikada təhlükəsizlik sisteminin nə qədər güvənli olması məsələsini yenidən gündəmə gətirir və müzakirəyə səbəb olur. Bəziləri ölkənin təhlükəsizlik sistemində çatların olduğunu düşünür. Hətta bunu Trampın hakimiyyətə gəlməsi ilə əlaqələndirənlər də var. Digərləri isə bu terror aktının daha dərin səbəbləri üzərində düşünürlər. Əlbəttə, tək bir hadisəyə əsaslanaraq ABŞ-də təhlükəsizlik sistemində ciddi boşluğun yarandığını iddia etmək tələskənlik olardı. Əgər diplomatlar üçün təhlükəsizlik sahəsində ümumi bir təhdid olsaydı, bu zaman başqa ölkələrin səfirliklərinə və nümayəndələrinə qarşı da oxşar hücumlar baş verərdi".

 

Politoloq hesab edir ki, bu hadisənin arxasında böyük ehtimalla Yaxın Şərqdəki gərginlik – xüsusilə Fələstin və Qəzza məsələsi dayanır:

 

“Əgər burada şəxsi motivlər yoxdursa, bu cinayət hadisəsinin Yaxın Şərqdəki müharibə və qarşıdurmalardan qaynaqlandığını düşünmək olar. Bu səbəbdən yalnız ABŞ-nin təhlükəsizlik sistemində dəyişikliklər aparılması yetərli deyil, eyni zamanda hadisənin siyasi kökləri də araşdırılmalıdır. ABŞ və İsrail anlamalıdır ki, İsrail diplomatlarına qarşı həyata keçirilən belə terror aktları artan tendensiya göstərə bilər. Çünki nə qədər ki, Fələstin problemi öz həllini tapmayıb və Yaxın Şərqdə İsrail-Ərəb münaqişəsi davam edir, dünyanın müxtəlif ölkələrində – o cümlədən ABŞ-də – İsrail vətəndaşlarına və diplomatlarına qarşı bu cür qisas xarakterli hücumlar istisna deyil".

 

Ekspert əlavə edib ki, yaxın gələcəkdə təkcə ABŞ-də deyil, digər ölkələrdə də İsrail mənşəli rəsmi şəxslərə qarşı oxşar təhlükələr yarana bilər:

 

“Bu cür cinayətlərin qarşısını almağın əsas yolu bir tərəfdən şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, digər tərəfdən isə Yaxın Şərq problemini – yəni İsrail-Fələstin qarşıdurmasını – sülh yolu ilə həll etməyə çalışmaqdır. Nə qədər ki, bu münaqişə davam edir, nə Fələstinlilər üçün, nə də İsraillilər üçün sabitlik mümkün olacaq. Çünki uzunmüddətli düşmənçilik hissi özünü müxtəlif formalarda, dünyanın müxtəlif nöqtələrində göstərməkdədir. ABŞ Daxili Təhlükəsizlik Nazirinin İsrailə səfəri xüsusi əhəmiyyət daşıyır. Bu səfərin məqsədlərindən biri də, çox güman ki, baş verən hadisənin İsrail-Fələstin münaqişəsi ilə əlaqəli olub-olmadığını araşdırmaqdır. Şübhəsiz ki, ABŞ-də  bu fikrə ciddi şəkildə yanaşır: baş verən hadisə, böyük ehtimalla, Yaxın Şərq müharibəsinin təsirlərindən qaynaqlanır".

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər