00:00:00
Yazar
Zəhra Həsənova
18.08.2026 16:19 107 2 dəq oxuma
Siyasət

ABŞ-İsrail mexanizmi Qəzzada eskalasiyanın qarşısını ala biləcək? - AÇIQLAMA

ABŞ-İsrail mexanizmi Qəzzada eskalasiyanın qarşısını ala biləcək? - AÇIQLAMA

ABŞ və İsrail Qəzzada gərginliyi azaltmaq üçün yeni mexanizm yaradır. Razılaşma ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Qüdsdə keçirilən dörd saatlıq görüşdə əldə olunub. Mexanizmdə Misirin də vasitəçi kimi iştirakı nəzərdə tutulur. Yeni sistem münaqişə zonasında razılaşmaların pozulmasını izləməyə və qarşıdurmaların qarşısını almağa hesablanıb. Bəs bu addım toqquşmaları dayandıra biləcəkmi?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli bildirib ki, eskalasiyanın qarşısını almaq mexanizmi deyəndə əslində ilkin xəbərdarlıq mexanizmi nəzərdə tutulur:

 

 "ABŞ və İsrail elə bir kanal yaradırlar ki, zamanında HƏMAS-la operativ əlaqə qurmaq mümkün olsun. Onlar hesab edirlər ki, bu, gələcək konfliktlərin qarşısını ala bilər və hər hansı bir insident yaranarsa, danışıqlarla bunu həll etmək mümkündür".

 

İbrahimli vurğulayıb ki, Misir isə burada daha çox bu mexanizmin işləyəcəyinə zəmanət verən ölkə kimi çıxış edir: 

 

"Misirin burada iştirakı HƏMAS-ı inandırmaqdır ki, Amerika və İsrail doğrudan da real olaraq erkən xəbərdarlıq sistemi yaratmağa çalışırlar. Hazırda İsrail Silahlı Qüvvələri Qəzzanın 52 faizinə nəzarət edirlər və növbəti mərhələdə ABŞ çalışır ki, HƏMAS silahı yerə qoysun. Artıq Trampın rəhbərlik etdiyi Sülh Şurasının heyəti müəyyən danışıqlar aparıb. Onlar hesab edirlər ki, Qəzzada texnokrat hökumət qurulmalıdır və HƏMAS-ın burada heç bir rolu olmamalıdır".

 

Siyasi şərhçi qeyd edib ki, bu, hazırlıq məqsədi ilə eskalasiyanın qarşısının alınması mexanizmi kimi yaradılır və Netanyahu üçün olduqca vacibdir: 

 

"Oktyabrda İsraildə parlament seçkiləri keçiriləcək. Bu baxımdan HƏMAS-la bağlı İsrail hökuməti yumşaq mövqeyini nümayiş etdirə bilmir, xüsusən də seçki ərəfəsində. Lakin eyni zamanda, seçki ərəfəsində hər hansı bir hərbi toqquşmalar, insidentlər də Netanyahu hökumətinin işinə yaramır".

 

İbrahimli bildirib ki, amerikalıların da köməyi ilə belə bir mexanizmin yaradılması imkan verəcək ki, həm İsrail nəzarəti bərpa olunsun, həm də hərbi əməliyyatlar baş vermədən bu, müəyyən qədər HƏMAS-ın maraqlarına cavab versin: 

 

"Müəyyən qədər keçid mərhələsində hərbi toqquşmalardan qaçmağa imkan verəcək. Lakin bu, məsələnin köklü həlli deyil, sadəcə alətdir".

 

Siyasi şərhçi fikrini yekunlaşdıraraq bildirib ki, gələcək perspektivdə HƏMAS-ın yenidən fələstinlilərin nəzarətinə qaytarılması, administrasiyanın qurulması, İsrail qüvvələrinin geri çəkilməsi və Fələstinə təhlükəsizlik istiqamətində səlahiyyətlərin verilməsi məsələsi həll olunmayınca, bu cür alətlərin yalnız ilkin xəbərdarlıq sistemindən uzağa getməyəcəyini vurğulayıb.

 

Mehriban Yariyeva

#yeni #ala #açiqlama #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər