ABŞ Maduronu belə aradan götürəcək
Tramp administrasiyası Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması məqsədilə bu ölkəyə hərbi əməliyyat üçün üç mümkün ssenarini nəzərdən keçirir.
Bu barədə "Nyu York Tayms” qəzetində yayımlanan məqalədə deyilir.
Bildirilib ki, birinci ssenari Venesueladakı hərbi obyektlərə hava hücumlarını əhatə edir. Bu, ordunun Maduroya dəstəyini zəiflədə bilər. Bu ssenarinin tərəfdarları belə bir addımın onu ölkəni tərk etməyə məcbur edə biləcəyini iddia edirlər.
Nəzərdən keçirilən növbəti variant Maduronu tutmaq və ya öldürmək üçün elit Dəniz Qüvvələrinin SEAL komandasının göndərilməsidir. Vaşinqtonun 3-cü planı da açıqlanıb və burada Venesuelaya terrorla mübarizə qüvvələrinin göndərilməsi barədə deyilir.
Bu ssenari hava limanlarını, neft yataqlarını və müəyyən infrastruktur obyektlərini ələ keçirməyi nəzərdə tutur.
Mövzu ilə əlaqədar hərbi jurnalist, ehtiyatda olan polkovnik İbrahim Rüstəmli “İnformator.az” a açıqlamasında bildirib ki, ABŞ-nin planlaşdırdığı hərbi ssenarinin uğuru üçün yerli qüvvələrdən gələn məlumatların strateji əhəmiyyəti böyükdür:
“Yəni burada söhbət ondan gedir ki, yerli tərəf ABŞ-yə ölkə daxilində strateji dəyərə malik məlumatları verməli və onu informasiya resursları ilə təmin etməlidir. Əgər bu informasiya resursları mövcud olarsa — və onların doğruluğu təmin olunarsa, vəziyyət ABŞ-nin lehinə dönür.
Doğru, obyektiv və etibarlı məlumatlar hər şeyi dəyişdirə bilər. Belə məlumatlar mövcud olduqda, ABŞ ölkənin siyasi, iqtisadi və psixoloji durumuna dair tam mənzərəni əldə etmiş olur və bu da nəhəng dövlətə vəziyyəti öz strategiyasına uyğunlaşdırmaq imkanı verir. Ona görə də mən ilk növbədə informasiyaların dürüstlüyü və həqiqətə uyğunluğu məsələsini önə çəkirəm. Məsələn, Rusiya ilə Ukrayna arasındakı üç günlük kampaniya nümunəsində Rusiya kəşfiyyatının doğru-düzgün məlumatlarla təmin olunmadığı açıqlanır. Federal strukturlar rəhbərliyi mövcud reallıqlara uyğun məlumatlarla vaxtında təmin edə bilməmişdilər. Nəticədə, üç gün ərzində işi başa vurmaq gözləntisi kimi optimist proqnozlar ortaya çıxıb — amma reallıq fərqli olub. Bu, bir daha göstərib ki, kəşfiyyat məlumatlarının düzgün olmaması ciddi strateji səhvlərə gətirib çıxara bilər”.
İ.Rüstəmli qeyd edib ki, tarixdə oxşar manevrlər artıq təkrarlanıb:
“Məsələn, İraqa kimyəvi silah bəhanəsi ilə müdaxilə uzun müddətli fəlakətlərə yol açıb və indiki peşmançılıqlar bunun nəticəsidir. Bu cür müdaxilələrin əsas motivlərindən biri iqtisadi maraqlardır — neft və digər resurslar. Eyni məntiqlə, Venesuelada da xarici müdaxilənin ölkənin sabitliyini pozacağı, qaçqın axınlarını və xaosu artıracağı, nəticədə isə ABŞ-nin qələbə çalacağı görünür.
Əməliyyatların koordinasiyası, təminatı və real vaxtda idarə edilməsi düzgün, hesablanmış və kompleks şəkildə qurulmalıdır. Bütün parametrlər uyğun olmalı, reallıqlarla uzlaşmalı və eyni zamanda gözlənilməz dəyişikliklər nəzərə alınmalıdır. Heç bir döyüş əməliyyatı ideal olmur — strategiyada planlar həmişə reallıqla tam üst-üstə düşməyə bilər. Bu səbəbdən taktika çevik olmalıdır. Çevikliyin əsası isə qabaqcadan görünməyən problemləri sürətlə aşkarlamaq, onlar üçün uyğun həllər planlaşdırmaq və bu həlləri operativ həyata keçirməkdir. Koordinasiya və logistika bir-birindən ayrı düşünülməməli, kompleks yanaşma tətbiq edilməlidir. ABŞ-də dünyanın ən böyük supergüclərindən biri olaraq, bu işin öhdəsindən gələ bilər.
Ləman Mahmudlu
