ABŞ Maduroya Türkiyəyə getməyi təklif edibmiş
“Nyu York Tayms”a adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib ki, ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.
Lakin Venesuela prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım beynəlxalq hüquqa ziddir:
“ABŞ-nin ötən ilin son ayında Venesuela prezidenti Nikolas Maduronun ölkəni tərk edərək məhz Türkiyəyə getməsini təklif etməsinin bir neçə səbəbi ola bilər. ABŞ-nin diktator hesab olunan liderlərin əsasən Rusiyaya sığınmasını sonuncu barədə antidemokratik sistem obrazı kimi təqdim etməyə şərait yaradır. Beləcə, Maduronun da Türkiyəyə sığınmasını təmin edərək eyni obrazı bu ölkə haqqında da yaratmağa cəhd edib. İkinci versiya bu ola bilər ki, ABŞ Venesuelaya qarşı əvvəlcədən planlaşdırılmış məsələlərdə Türkiyə ilə ortaq hərəkət edib. Çünki uyğur türklərinə qarşı açıq genosid həyata keçirən Çin təkcə Türkiyə üçün deyil, dünya iqtisadiyyatının önəmli hissəsini idarə edən güc olaraq ABŞ üçün də ciddi rəqib və təhlükədir. Odur ki, ABŞ əsas hədəfi Çinə qarşı planlarını həyata keçirmək üçün artıq real addımlar atmağa başlayıb. Rusiya ilə dialoqla problemləri həll etmək, İran və Venesuela ilə isə zor yolu ilə danışmaq üzrədir. Çinin iqtisadi dayaqlarını, qol-budaqlarını budamaq üçün hələ bir çox ölkələrə qarşı əməliyyatlar aparılacaq. Təbii ki, Venesuela ilə bağlı bir neçə ay əvvəldən planlar masada idi və hakimiyyətə xəbərdarlıq da edilmişdi. Ancaq geniş miqyaslı və uzunmüddətli hərbi müdaxilə nəzərdə tutulmamışdı və gedişat onu göstərir ki, bu plan da artıq gerçəkləşib. Prezident və ailəsi ABŞ tərəfindən həbs olunub, müdafiə naziri həlak edilib. Demək bir neçə saatın içində Venesuela hakimiyyəti iflic duruma salınıb, silahlı müqavimət olmasa, ABŞ-nin hərbi əməliyyatı başa çatmış sayıla bilər. Geniş miqyaslı və uzunmüddətli hərbi əməliyyatlar hazırda əlverişli deyil, ona görə də prezidenti həbs etməklə qısa müddətdə prosesi bitirmək nəzərdə tutulur. Hazırda İranla bağlı planlar ortadadır. Maduronun götürülməsi əslində İranın ali dini liderinə və yüksək postlardakı mollalarına psixoloji mesajdır. Yəni bir gecə qəfil qara torbaya salınıb götürülə bilərlər. ABŞ Venesuela hakimiyyətini devirməklə Rusiya və İranın, İranı qarışdırmaqla isə Çin və yenə Rusiyanın qol-qanadını budayır. Çinin ticarət ortaqlarını, siyasi dayaqlarını tədricən ya zərərsizləşdirir, ya da neytrallaşdırır. Artıq böyük neft yataqlarına sahib olan Venesuelaya nəzarət etməklə Rusiya neftinə ehtiyacı azaltmış olub. Demək, dolayı yolla Rusiyanın da çöküşünün təməlini qoyub”.
Ekspert qeyd edib ki, bu hadisə orta əsrlərdəki dəniz quldurluğu kimi bir şeydir:
“ABŞ lideri Tramp ölkəsini dünyada yeganə güc olaraq görmək istəyir. Təkqütblü dünya planı üzərində iş gedir. Rusiya neytrallaşdırılıb, son hədəf Çin olacaq. Nə beynəlxalq məhkəmənin, nə də BMT-nin qərarı olmadan ABŞ xüsusi xidmət orqanlarının Venesuela prezidentini yatdığı yerdən götürüb arvadı ilə birlikdə birbaşa ölkəsinə aparması digərləri üçün mənfi presedent yaradır. Bu addım siyasi yöndən əsaslandırılmağa çalışılsa da, beynəlxalq hüquqa tam ziddir. Ancaq Beynəlxalq Cinayət Məhkəməsi "Qəzza zolağında müharibə cinayətləri ilə əlaqədar" İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Əgər bu şəxslər də hansısa gücü yetən dövlət tərəfindən yatdığı yerdən götürülüb məhkəmənin sərəncamına verilsə, bu qanunidir və beynəlxalq hüquqa da uyğundur. Lakin ABŞ-nin İraqın işğalı və Səddam Hüseynin edamı ilə başlayan təkqütblü dünya hegemonluğu, beynəlxalq hüququ çığnaması, BMT-ni oyuncağa çevirməsi orta əsr imperiyalarının xüsüsiyyətlərini, üsulunu bərpa etməkdən başqa şey deyil. ABŞ öz iddialarında haqlı ola bilər. Venesuela lideri narkotik ticarəti ilə məşğul olan diktator da ola bilər, amma onun hakimiyyətdən uzaqlaşdırılması üsulu heç bir hüquqa, heç bir əndazəyə sığmır. Bu, orta əsrlərdəki dəniz quldurluğu kimi bir şeydir. Bu, Rusiyanın da Ukrayna prezidenti Zelenskini yatdığı yerdən götürməsi üçün açılan cığır, verilən əsasdır. Prezidentin ABŞ-nin edam qüvvədə olan ştata aparıldığı deyilir. Görünür onu "mühakimə" edib, edam edəcəklər. Daha vəsait xərcləyib, İraq kimi bomba töküb, vaxt itirməyəcəklər. Nə də Səddam Hüseyn kimi öz ölkəsində asıb etrirazlara səbəb olmayacaqlar. Sadəcə xüsusi xidmət orqanları gecə ilə gedib prezidenti götürəcək və ABŞ-nin edam hökmü qüvvədə olan ştatında da edam edəcəklər. Donald Tramp tamamilə İsrailin, daha doğrusu Mossadın üsulu ilə hərəkət edir. Açıqca da deyir ki, Venesuelanı biz idarə edəcəyik, neft elə getdi, pul belə gəldi... Daha əvvəlki kimi Əfqanıstanı, İraqı tutmaq üçün qoşa binaları Ben Ladenə vurdurmaq kimi işğal üçün əsaslar düzəltməyə də gərək lazım olmur. İraqda nüvə silahının olması kimi bəhanələr uydurmağa da ehtiyac duyulmur. Sadəcə açıqca deyilir ki, nefti, sərvəti mənə ver. Əgər imtina edilsə gecə ilə prezidenti yatdığı yerdən götürür, müdafiə sistemini sıradan çıxarır, ölkəni ələ keçirir, vəssalam... Hələ 2003-cü ildə Səddam Hüseynin guya nüvə silahına sahib olduğunu dilə gətirib saxta sübutlar ortaya qoyan ABŞ-nin keçmiş dövlət katibi Kolin Pauellin qarşısında boynunu bükən BMT-nin baş katibi Kofi Annanın məzlum və çarəsiz görkəmi, aciz mövqeyi rəhbərlik etdiyi qurumun artıq Pentaqonun filialına çevrildiyini bariz şəkildə ortaya qoyurdu. Prezidentin başqa bir prezidenti beynəlxalq aləmi, hüququ nəzərə almadan yatdığı yerdən götüzdürüb ölkəsini ələ keçirdiyini elan etməsi, şəkil paylaşması əslində hədəflərə qarşı psixoloji təzyiq, açıq desək “lotuluq” nümayişidir. Beynəlxalq hüququn bu qədər hörmətdən salınması, ədalətin, qanunun tapdanması dünya üçün heç də müsbət gələcək vəd etmir. Rusiya Ukraynanın, Çin Tayvanın prezidentini oğurlayıb belə bir presedentin məhz ABŞ tərəfindən yaradıldığını əsas gətirsə, təəccüb doğurmamalıdır”.
Lalə Qurbanlı
