ABŞ məhkəməsi Trampa Kaliforniya Milli Qvardiyasına nəzarəti saxlamağa icazə verir
ABŞ-nin apellyasiya məhkəməsi Donald Trampın Kaliforniya Milli Qvardiyasına nəzarəti saxlamaq hüququnu müvəqqəti olaraq təsdiqləyib. Qərar Kaliforniya qubernatoru Gavin Newsom-un prezidentin Los-Ancelesdəki etirazları yatırmaq məqsədilə Milli Qvardiyanı və ABŞ Dəniz Piyadalarını cəlb etməsinə qarşı açdığı iddia fonunda verilib.
San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti əvvəlki qərarın icrasını dayandırıb. Hakimlər hesab edir ki, prezident Milli Qvardiyanı federallaşdırmaq səlahiyyətinə malikdir və bu səlahiyyətə qarşı veto hüququ yoxdur. Bununla belə, qərarda federallaşdırılmış qüvvələrin konkret fəaliyyəti barədə açıqlama yer almayıb.
Tramp Los-Ancelesdə baş verən iğtişaşlar və hüquq-mühafizə orqanlarının nəzarəti itirməsi səbəbilə iyunun 7-də Kaliforniya Milli Qvardiyasının 4000 əsgərini və sonradan 700 dəniz piyadasını şəhərə göndərib. Qubernatorun etirazına baxmayaraq, bu addım atılıb. Prezident bu qərarı müdafiə edərək, şəhərlərdə təhlükəsizlik təmin olunmadıqda hərbi qüvvələrin cəlb olunmasının vacib olduğunu bildirib.
Reuters
Qəmər Kazımzadə