ABŞ nüvə danışıqları ilə bağlı ziddiyyətli siqnallar göndərir
ABŞ İrana üçüncü ölkələr vasitəsilə nüvə danışıqlarına dair ziddiyyətli siqnallar göndərir. S.Xətibzadə həmçinin Tehranın ölkənin nüvə silahı əldə etməyə çalışmadığı ilə bağlı mövqeyini də təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, son illərdə İranın Afrikadakı nüfuzu da artmaqdadır:
"ABŞ-lə İran arasındakı nüvə danışıqlarının bu qədər uzanması və ortaq məxrəcə gələ bilməmələri, əsasən, tərəflərin öz mövqelərindən asılıdır. Hətta demək olar ki, bu, daha çox İran tərəfinin mövqeyi ilə bağlıdır. Ümumiyyətlə, uranın zənginləşdirilməsi məsələsi yəni onun digər ölkələrdə də həyata keçirilməsi təbii prosesdir. Amma bu zənginləşdirmənin nüvə silahı məqsədilə istifadə edilib-edilməməsi, xüsusilə də İran kimi ölkələr üçün, ciddi narahatlıq doğurur. Əgər İran doğrudan da uranı dinc məqsədlər üçün, yəni enerji sahəsində istifadə etmək niyyətindədirsə, bu halda şəffaflığı təmin etməli və beynəlxalq komissiyaların nəzarətinə imkan verməlidir. Bu nəzarət də, təbii ki, daimi deyil müəyyən dövr ərzində həyata keçirilməlidir. Qərb tərəfinin narahatlığını başa düşmək lazımdır, çünki İran faktiki olaraq Yaxın Şərqdə bir çox proksi qüvvələri xüsusən də radikal silahlı qruplaşmaları həm maliyyə, həm də hərbi baxımdan dəstəkləyir.
Məsələn, İraqda “Həşdi Şabi”, Suriyada Əsəd rejimi və oradakı şiə militanları, Livanda “Hizbullah”, Yəməndə isə husilər İranın təsiri altındadır. Hətta son illərdə İranın Afrikadakı nüfuzu da artmaqdadır. Belə bir vəziyyətdə bu cür ölkənin uran zənginləşdirməsi ilə bağlı istənilən bəyanatı təbii olaraq beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır".
Ekspertin sözlərinə görə, İran və ABŞ münasibətlərində ciddi pozitiv dəyişiklik gözləmək çətindir:
"Səid Xətibzadənin açıqlamalarına baxmayaraq, İran rəsmilərinin bəyanatlarına tam etibar etmək çətindir. Çünki ehtimal etmək olar ki, sabah İranla İsrail və ya ABŞ arasında ciddi bir qarşıdurma yaşansa, İran ən pis halda nüvə silahı əldə edib onu radikal qruplaşmalara ötürə bilər. Bu isə region və dünya üçün çox böyük təhlükə deməkdir. Hazırkı mərhələdə İran və ABŞ münasibətlərində ciddi pozitiv dəyişiklik gözləmək çətindir. Lakin tərəflər arasında hər hansı uzlaşma əldə edilərsə, müəyyən dərəcədə irəliləyişdən danışmaq olar. Bununla belə, prosesin hazırkı gedişi İranın xeyrinə deyil. Digər tərəfdən, İsrail bu məsələdə ABŞ-ni ciddi şəkildə təzyiq altında saxlayır və Vaşinqtondan daha sərt mövqe nümayiş etdirməyi tələb edir. Yəni İranla ABŞ arasındakı gərginlikdən İsrail öz maraqları üçün istifadə edir. Buna görə də İran tərəfi elə davranmamalıdır ki, İsrailin əlini daha da gücləndirsin. Nəticə etibarilə, bu məsələdə beynəlxalq komissiyaların nəzarəti ilə bağlı razılıq əldə edilməlidir. Əks halda, yaxın gələcəkdə İranla bağlı yenidən neqativ tendensiyaların şahidi ola bilərik".
Xədicə Məhərrəmli
