ABŞ-nin Cənubi Qafqaz strategiyasında Azərbaycan
ABŞ-nin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi fonunda Azərbaycan strateji yerləşməsi və enerji-nəqliyyat qovşağı kimi Vaşinqton üçün əhəmiyyətli tərəfdaş sayılır. Ekspertlər bildirirlər ki, iki ölkə arasında təhlükəsizlik, sərhəd nəzarəti və terror təhdidlərinin qarşısının alınması sahəsində əməkdaşlıq genişlənir və gələcək perspektivlər müsbət qiymətləndirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bu gün bütün beynəlxalq aktorlar üçün vacib tərəfdaşdır:
“8 avqustda Vaşinqtonda imzalanan sazişlə ABŞ faktiki olaraq Cənubi Qafqazda mövqelərini möhkəmləndirib. Bu isə təbii ki, Rusiyanın maraqlarına ziddir.
Rusiya Ukraynada hərbi və bəlkə də strateji üstünlüyə malik olsa da, orada əldə etdiyi ərazi qazancları müqabilində Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə mövqelərini itirib. Təsəvvür edin ki, dörd il ərzində Rusiyanın Ukraynada başı qatıldı və bunun əvəzində Cənubi Qafqazdan sıxışdırılıb. Eləcə də Mərkəzi Asiyada və Yaxın Şərqdə – məsələn, Suriyada da oxşar vəziyyət baş verdi.
Sadə bir nümunə: Suriyada illərlə hakimiyyətdə qalan Bəşər Əsəd rejiminin zəifləməsi və yerinə Türkiyəyə bağlı olan Əhməd Həşərin gəlməsi Rusiyanın Yaxın Şərqdəki mövqelərinin itirilməsi deməkdir. Bu proses həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya təsir edib.
Təbii ki, həm Rusiya, həm Avropa İttifaqı, həm də ABŞ Cənubi Qafqazda maraqlıdır. ABŞ və Avropa İttifaqı klassik olaraq “kollektiv Qərb” anlayışı altında birlikdə çıxış edirdilər. Amma Donald Trump hakimiyyətə gələndən sonra ABŞ-nin Rusiya ilə münasibətlərində yumşalma müşahidə olundu. Eyni zamanda ABŞ və Avropa İttifaqı arasında münasibətlərdə gərginlik yaranıb, “kollektiv Qərb” anlayışı zəifləyib.
ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsinə Rusiyadan daha çox Avropa qarşı çıxır. Gələcəkdə ABŞ və Rusiya arasında müəyyən razılaşmalar baş verə bilər, amma Avropa İttifaqı ilə bu çətin görünür.
Azərbaycan bu gün bütün beynəlxalq aktorlar üçün vacib tərəfdaşdır. Qalib dövlət olaraq Azərbaycan təkcə oyun qaydalarına əməl edən deyil, artıq oyun qaydalarını diktə edən və oyunu quran bir gücə çevrilib.
Bunun əsas səbəbi odur ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində heç bir bloka qoşulmur, tərəf tutmur və balanslı mövqeyi ilə seçilir. Azərbaycan həmçinin böyük strateji layihə olan Zəngəzur dəhlizinin təşəbbüskarlarından biridir.
Bu gün Azərbaycan müstəqil və təsirli mövqeyi ilə həm Qərbin, həm də Şərqin diqqətindədir və hər iki tərəf Azərbaycanla əməkdaşlığa önəm verir”.
Aydan Əsgərxanlı
