ABŞ-nin İrana qarşı sanksiyaları regionda gərginliyi artıra bilər
Sanksiyalar ABŞ–İran danışıqlarını çətinləşdirərək gərginliyi artıra bilər.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ-nin İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı gərginliyi yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik müstəvisində artıra bilər.
“Vaşinqton bu addımlarla İranın maliyyə imkanlarını, neft ixracını və regiondakı müttəfiq qüvvələrə dəstək vermək potensialını məhdudlaşdırmağa çalışır. Tehran isə sanksiyaları rejimin davranışını dəyişdirməyə yönəlmiş vasitə deyil, birbaşa İran dövlətinə və əhalisinə qarşı təzyiq kimi qiymətləndirir. Buna görə də “iqtisadi terrorizm” ifadəsi həm beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi mesaj, həm də İran cəmiyyətini xarici təzyiq qarşısında səfərbər etmək cəhdidir”.
Züriyə Qarayeva qeyd edib ki,Sanksiyaların genişləndirilməsi yaxın müddətdə ABŞ–İran danışıqlarının bərpasını çətinləşdirə və Tehranın daha sərt mövqe tutmasına səbəb ola bilər.
İran buna nüvə proqramı, Hörmüz boğazındakı fəaliyyəti və regiondakı tərəfdaşları vasitəsilə cavab verməyə çalışarsa, iqtisadi qarşıdurma təhlükəli hərbi eskalasiyaya çevrilə bilər. Bununla yanaşı, sanksiyaların üçüncü ölkələrə və İranla əməkdaşlıq edən şirkətlərə də şamil olunması Çin, Rusiya və digər dövlətlərlə ABŞ arasında əlavə fikir ayrılıqları yaradacaq. Vaşinqtonun məqsədi Tehranı danışıqlara daha zəif mövqedə qaytarmaqdır, lakin maksimal təzyiq siyasəti qarşılıqlı güzəştlərə əsaslanan diplomatiya ilə tamamlanmadığı halda, İranı razılaşmaya deyil, daha sərt müqavimət xəttinə sövq edə bilər.
Nurgün Qənizadə